Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ingilis dilinin tədrisinin səviyyəsinin artırılması xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə atılan prioritet addımlardan biri də ABŞ-ın ölkəmizdəki səfirliyinin müxtəlif təhsil proqramları çərçivəsində amerikalı mütəxəssislərin universitetə cəlbi olub.

 

Artıq üç aydır ki, ingilis dili mütəxəssisi Diane Whaley ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “İngilis dili mütəxəssisi” proqramı çərçivəsində universitetin bir qrup ingilis dili müəlliminə təlimlər aparır. Təlimlərin əsas mövzusu müasir kommunikativ metodlara əsaslanan dərs prosesinin təşkilidir.

 

Təlimlərdə iştirak edən İngilis dili kafedrasının müəllimi Günay Əfəndiyeva, İngilis dili və onun tədrisi metodikası kafedrasının müəllimi Jalə Səmədova, İngilis dili kafedrasının dosenti Qəribə Məmmədova, İngilis dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nüşabə İsmayılova təlimləri yüksək qiymətləndiriblər. Bildirilib ki, bu, yeniliklə zəngin, ingilis dili müəllimlərinə müasir kommunikativ metodlara əsaslanan dərs prosesini daha sistemli və asan yollarla qurmağı öyrədən möhtəşəm bir layihədir. Təlimdə nəzəri biliklərin dərhal praktikaya çevrilməsi, dərsin tələbəyönümlü qurulması, eyni zamanda öyrədici oyunların tərcümədən maksimum şəkildə az istifadə edərək asan təşkilinin yeni yolları öyrədilir.

 

Diane Whaley bu təlimlərdə ingilis dili müəllimlərinə xarici dilin tədrisi zamanı kommunikativ və interaktiv metodlardan necə istifadə olunmasını, eləcə də tələbə yönümlü tədris haqqında nəzəri və metodoloji mövzulara toxunur, tələbələrdə 4 bacarığın (dinləmə, oxu, yazı və danışıq) inkişaf etdirilməsi üçün uğurlu şəraitin yaradılması haqqında ətraflı məlumat verərək ingilis dili müəllimlərini xeyli məlumatlandırır. Bu təlim digərlərindən onunla fərqlənib ki, müəllimlər burada hər keçilən dərsdə yeni və maraqlı metodlarla tanış olur və Diane xanımın təqdim etdiyi müasir tipli kitablardan bəhrələnərək dərsləri yeni üsullarla daha da rəngarəng, maraqlı və səmərəli keçməyə nail olurlar.