“Elektron hökumət” portalına həsr olunmuş növbəti seminar Bakıda yerləşən məcburi köçkün məktəblərində  keçirilib. Məlumatlandırma seminarı Regional İnsan Hüquqları və Media Mərkəzinin “Məcburi köçkün məktəblərində “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində təşkil edilib.

 

Tədbirdə Kəlbəcər rayon 18 və 56 nömrəli tam orta məktəbləri, Laçın rayon 45 nömrəli tam orta məktəbində çalışan 29 müəllim iştirak edib. Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbin direktoru Arzuman Qarayev son illər məcburi köçkün məktəblərinin müasir informasiya kommunikasiya texnologiyaları ilə təmin olduğunu  diqqətə çatdırıb. Bildirib ki, məktəbdə yüksək sürətli internet xətti var. Ötən ildən məktəbdə hazırlıq qruplarına və birinci sinfə şagirdlərin qəbulu elektron sistem  vasitəsilə aparılır. Gələcəkdə isə bütün ölkə üzrə şagirdlərin məktəblərə qəbulu elektron sistem vasitəsilə aparılacaq. Eyni zamanda, orta məktəb şagirdləri və pedaqoji kollektivin özünü inkişafı üçün yararlı olan onlarla elektron resurs var.

 

Tədbirdə layihə rəhbəri Mehman Hüseynov bildirib ki, məqsəd məcburi köçkün məktəblərinin pedaqoji kollektivinin ölkəmizdə təhsil sahəsinə dair göstərilən elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırmasıdır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra edilir. Şura elektron xidmətlərin təbliğinə dəstək verməklə yanaşı, həm də özü göstərdiyi xidmətlərin sayını hər il artırır.

 

Daha sonra təhsil sahəsinə dair elektron xidmətlərlə bağlı iştirakçılara məlumat verilib. İştirakçılara elektron dərslik, testlər, tapşırıqlar, videodərslər, səsli dərsliklər, müəllimlərin peşəkar inkişafı üçün mövcud imkanlar barədə söz açılıb. Bundan başqa, “Elektron hökumət” portalında qeydiyyat, portal üzərindən göstərilən elektron xidmətlərdən istifadə əyani nümayiş etdirilib.

 

İştirakçılara “e-qht.az” saytı vasitəsilə göstərilən elektron xidmətlərlə bağlı da məlumat verilib.

 

Tədbir zamanı elektron xidmətlərdən istifadədə çətinlik çəkən şəxslərə xidmətlərdən istifadə üçün köməklik göstərilib. İştirakçılara layihə çərçivəsində çap edilən, təhsil sahəsində göstərilən elektron xidmətlərlə bağlı məlumatların toplandığı buklet  verilib.

 

 

Sifai SƏFƏROVA