Naxçıvan Müəllimlər İnstitutunda “Gələcəyin alimləri” layihəsinin təqdimatı keçirilib.

 

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə birgə təşkil olunan tədbirdə institutun rektoru, dosent Elbrus İsayev bildirib ki, təhsilə göstərilən dövlət qayğısı muxtar respublikada da elmi potensialı gücləndirib, elm, ali və orta ixtisas təhsili müəssisələrində yüksəkixtisaslı professor-müəllim heyəti formalaşıb.

 

Muxtar respublikanın elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələri daha da gücləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müvafiq sərəncam imzalanıb. Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədi ilə “Naxçıvan Müəllimlər İnstitutunun elmi dərəcəsi olan əməkdaşlarının muxtar respublikanın ümumtəhsil məktəblərindəki nümunəvi dərslərdə iştirakının” qrafiki hazırlanıb və icra olunub.

 

Rektor diqqətə çatdırıb ki, bu nümunəvi dərslər Naxçıvan şəhərinin və muxtar respublikanın Şərur, Şahbuz, Ordubad, Culfa, Kəngərli, Babək rayonlarının 23 ümumtəhsil məktəblərini əhatə edib. İnstitutun professor-müəllim heyəti tərəfindən müxtəlif elm sahələri üzrə, ümumilikdə 189 dərs keçirilib.

 

Diqqətə çatdırılıb ki, gələcək illərdə də institutun professor-müəllim heyəti muxtar respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin elmi biliklərinin zənginləşdirilməsində və gələcəyin layiqli kadrları kimi formalaşmalarına öz töhfəsini verəcəklər.

 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək vurğulayıb ki, bu gün muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsilin keyfiyyət göstəriciləri yaxşılaşdırılır və şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyə olunması üçün müasir təhsil şəraiti yaradılıb. “Gələcəyin alimləri” layihəsi də istedadlı şagirdlərin üzə çıxarılmasında, onların tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayacaq.

 

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun dosenti Həsənəli Eyvazovun və Naxçıvan şəhər 11 saylı tam orta məktəbin direktoru Elmira Həsənovanın çıxışları dinlənilib.

 

Sonda Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən hazırlanmış nümunəvi dərslərə aid filmə baxış olub.