Paytaxt məktəbində yanğın zamanı hərəkətlər və təxliyə planına dair praktiki təlim keçirilib.

 

Təlimin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı bilik və bacarıqları təkmilləşdirmək, eləcə də müvafiq təhlükəsizlik tədbirlərinə və hadisələrə qarşı məktəbliləri psixoloji cəhətdən hazırlamaqdan ibarətdir.

 

Bakı şəhərindəki 5 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Fövqəladə Hallar Nazirliyinin (FHN) və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak edib.

 

Tədbir nəzəri və praktiki hissədən ibarət olub. Nəzəri hissədə yanğından, dəm qazından mühafizə, meşələrdə və çimərlikdə təhlükəsizlik tədbirləri, fövqəladə hal zamanı davranış qaydaları, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili, od söndürən balondan istifadə mövzuları üzrə şagirdlər və pedaqoji heyətə ərtaflı məlumatlar verilib. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

 

Praktiki hissədə isə məktəblilər qısa müddətdə təxliyə planına uyğun olaraq məktəbi tərk edib, FHN-nin əməkdaşları tərəfindən nümayiş etdirilən əyani vəsaitlərlə yaxından tanış olublar. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları, bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə davamlı tədbirlər keçirildiyini diqqətə çatdırıb. İdarə müdiri fövqəladə hadisələrin qarşınının alınması və nəticələrinin aradan qaldırılmasında ilkin qəza–xilasetmə işlərinin aparılması üçün mülki müdafiə qüvvələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb.