İyunun 13-də Bakı Slavyan Universitetində (BSU) yay imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.

 

Mediaturda imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri, təhsil ekspertləri, QHT təmsilçiləri iştirak ediblər. 

 

Qonaqlar əvvəlcə 3-cü, 4-cü və 5-ci mərtəbələrdə yerləşən auditoriyalarda imtahanların gedişini izləyiblər. Onlar burada kameraların, ağıllı lövhələrin iş prinsipləri və  sessiyasının gedişinə nəzarət etmək məqsədilə  yaradılan Qərargahın işi ilə tanış olublar.

 

BSU-nun rektoru, professor Nurlana Əliyeva müşahidəçilərə imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. Rektor BSU-da 2018-2019-cu tədris ilinin yaz imtahan sessiyasının uğurla davam etdiyini bildirib. Təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı əmrə əsasən, imtahanlar mövcud qaydalara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur.

 

Hazırda universitetin əsas və ikinci tədris binasında ümumi 55 auditoriyada imtahan keçirildiyini diqqətə çatdıran rektor bildirib ki,  bu imtahanlardan 36-sı əsas binada, 19-u ikinci tədris binasında aparılır. İmtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şərait yaradılıb, məsləhət saatları keçirilib.

 

Diqqətə çatdırılıb ki, imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahaların nəticələri dərhal elan olunur. Saytda yaradılmış onlayn əlaqə bölməsindən təkcə tələbələr deyil, valideynlər də istifadə edərək onları maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala və imtahan qərargahı ilə birbaşa əlaqə yarada bilərlər. İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb, müvafiq qərarların qəbul edilməsi üçün Qərargah və Apelyasiya Komissiyası yaradılıb.

 

BSU-da tədrisin inkişafı istiqamətində görülən işlər barədə də qonaqlara məlumat verilib. Universitetin beynəlxalq əlaqələrinə də toxunulub və bildirilib ki, hazırda BSU-nun 113 xarici universitetlə əməkdaşlığa dair müqaviləsi mövcuddur. BSU-nun son üç ildə davamlı olaraq respublikada rus dilinin tədrisinə, rusdilli təhsilə, Rusiya–Azərbaycan əlaqələrinin inkişafına və qorunmasına verdiyi töhfələrdən söz açılıb.

 

Görüşün sonunda jurnalistlərin imtahan sessiyası ilə bağlı təssüratları dinlənilib.

 

Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

 

Şakir CƏFƏROV