İyunun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində "Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası" mövzusunda III Respublika elmi konfransı keçirilib.

 

Ənənəvi olaraq hər il təşkil edilən konfrans Azərbaycan İstiqlal Muzeyinin 100 illiyinə həsr olunub.

 

Tədbirdə muzey əməkdaşları ilə yanaşı, respublikanın müxtəlif elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak ediblər.

 

Konfransda muzeyin direktoru,akademik Nailə Vəlixanlı çıxış edərək tariximizin, mədəniyyətimizin öyrənilməsində və təbliğində muzeylərin rolundan danışıb. O, rəhbərlik etdiyi müəssisədə milli dəyərlərimizin mühafizəsi, bərpası və nümayişi istiqamətində görülən işlərdən söz açıb.

 

Azərbaycanın ilk dövlət muzeyi olan İstiqlal Muzeyinin yaranma tarixi barədə məlumat verən akademik N.Vəlixanlı 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olunan bu muzeyin cəmisi bir neçə ay fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra muzey fəaliyyətini dayandırıb.

 

"Muzey öz fəaliyyətini 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa edib və 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradılıb" - deyən alim əlavə edib ki, 1919-cu ildə yaradılan muzeydən heç bir eksponat qalmayıb. N.Vəlixanlı yenidən fəaliyyətə başlayan bu mədəniyyət ocağının "İstiqlal" adını alaraq birinci muzeyin mənəvi varisi olduğunu diqqətə çatdırıb. 28 il əvvəl 7 minədək eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 20 mindən çox eksponat var. Muzeydə Azərbaycanın istiqlal yolunu geniş şəkildə işıqlandıran zəngin ekspozisiya yaradılıb.

 

Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının dosenti, muzeyşünas Elfira Məlikova "Müasir muzey fəaliyyətində yeniliklər" mövzusunda məruzə edib.

 

Konfransda tarix, etnoqrafiya, arxeologiya, numizmatika, muzey, kitabxana və arxiv mövzuları üzrə 30-a yaxın elmi məruzə dinlənilib, müzakirələr aparılıb.

 

 

Samirə KƏRİMOVA