Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akad. Y.H.Məmmədəliyev adına  Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Elmi Şurasının “Elmi dərəcələr” və “Elmi adlar”ın yeni qaydalarla verilməsi ilə əlaqədar iclası keçirilib.

 

Elmi Şurasının sədri, akademik Vaqif Abbasov AAK-nın yeni əsasnaməsi haqqında Elmi Şura üzvlərinə və NKPİ-nin doktorant və dissertantlarına ətraflı məlumat verib. O xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 11 iyun 2019-cu il tarixli “Elmi dərəcələr verilməsi qaydası haqqında əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. Fərman ilə təsdiq olunmuş hər iki əsasnamə müasir tələblərə cavab verən, yüksək səviyyəli elmi kadrların hazırlanması üçün zəmin yaradan sənədlərdir.

 

V.Abbasov qeyd edib ki, dissertasiyaların müdafiəsi üçün əvvəllər mövcud olan bir sıra bürokratik qaydaların aradan qaldırılması, dissertasiya işlərinə qoyulan tələblərin nisbətən yüngülləşdirilməsi müdafiə edəcək insanları bir sıra çətinliklərdən, streslərdən azad edəcəkdir. Eyni zamanda, müdafiə şuralarının üzərinə çox böyük məsuliyyət düşür. Müdafiə olunacaq işlərə aid elmi nəticələrin mötəbər elmi jurnallarda nəşri, tək müəllifli əsərlərin olması, patentlərin xüsusi nəzərə alınması çox əhəmiyyətlidir. “Elmi adların verilməsi qaydaları da elmin inkişafına zəmin yaradan qaydalardır. Fikrimizcə, bu qaydaların faydalılığının yüksək olması üçün elmi-tədqiqat mərkəzlərinin, ali təhsil müəssisələrinin rəhbərləri, elmi rəhbərlər müdafiə etmək və elmi dərəcə almaq istəyənlər üçün hüquq normaları çərçivəsində əlverişli inkişaf mühiti yaratmalıdırlar. Müdafiə olunan hər bir elmi iş ciddi və nəzəri əsaslandırılmış elmi nəticələrə malik olmalıdır. Müdafiə edənlərin aldıqları elmi dərəcələrə, elmi adlara uyğun səviyyədə hazırlıqlı olmalarına diqqət yetirilməlidir”,- deyə akademik vurğulayıb.

 

Sonra əsasnamədəki yeniliklər, o cümlədən namizədlik və doktorluq dissertasiyalarına, eləcə də, dossent və professor elmi adının verilməsinə qoyulan tələblər barəsində geniş müzakirə aparılıb və həmin sənədlərin elm və təhsilin inkişafı üçün stimullaşdırıcı rolu qeyd edilib.