Milli Qəhrəman Mübariz İbrahimov nümunəvi döyüş yolu və qəhrəmanlığı ilə nəinki ölümsüzlüyə, əbədi zirvəyə yüksəldi. O, bütün Azərbaycan gənclərinə əbədi qələbə və Vətənə sonsuz məhəbbət aşıladı. Bu fikirlər iyunun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun anım gününə həsr olunan tədbirdə vurğulanıb.

 

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

 

ADNSU-nun rektoru, professor M.Babanlı Milli Qəhrəman Mübariz İbrahimovun göstərdiyi igidliyin hər bir gəncə örnək olduğunu deyib. “Biz Mübariz İbrahimovun ruhu qarşısında borcumuzu qismən də olsa, o zaman yerinə yetirəcəyik ki, işğal altında olan torpaqlarımızı erməni tapdağından azad edəcəyik və o gün uzaqda deyil”,- deyə rektor bildirib.

 

Sonra tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik  Ə.Qənizadə çıxış edərək Milli Qəhrəman Mübariz İbrahimovun hərb sənətinə, Vətənə sevgisindən ətraflı söz açıb.