Əqli Mülkiyyət Agentliyində Avrasiya Patent Təşkilatı tərəfindən keçirilmiş “Gələcəyə baxış” universiadasında qalib seçilmiş şagird və tələbələrlə görüş təşkil olunub.

 

Tədbirdə Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan islahatlar, elm, təhsil və mədəniyyətə dövlət qayğısını vurğulayaraq universiadanın keçirilmə qaydaları haqqında məlumat verib. O bildirib ki, Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü nəticəsində ölkəmizin bir sıra orta ümumi təhsil məktəblərinin şagirdləri və ali təhsil müəssisələrinin tələbələri yarışda iştirak ediblər, 30-dan çox müəllifin layihələri universiadanın Təşkilat Komitəsinə göndərilib.

 

Universiadanın nəticələrinə görə, birinci yaş kateqoriyası (10-17 yaş daxil olmaqla) üzrə Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyevin “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsi münsiflər heyəti tərəfindən qalib elan olunub. Bundan əlavə, həmin yaş kateqoriyası üzrə Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdi Fidan Həsənzadənin “Dizel yanacağının qələvi təmizlənməsinin tullantılarından naften turşularını ayırmaq üsulu”, Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin şagirdləri Taleh Əliyev və Zərifə Əhmədzadənin “Neft hasilatının yeni əmsalının sintezi”, Ləman Əliyeva və Filipp Bakaldinin “Pilotsuz hava aparatları üçün paraşüt”, Həmid Səlimov, Aybəniz Əhmədova və Timur Kaləyevin “Piezoelektrik antibuzlanma sistemi” mövzusunda layihələri də yüksək yerə layiq görülüb. İkinci yaş kateqoriyası (18-25 yaş daxil olmaqla) üzrə isə Sumqayıt Dövlət Universitetinin tələbələri Seymur Talıbov və Tayfun Hacıyevin “CAD/CAM əsasında köhnə model avtomobillərinin yenidən qurulması üçün çevik istehsal modulu” layihəsi universiadanın mükafatçıları sırasına daxil edilib.

 

S.Tapdıqov qalibləri və mükafatçıları təbrik edib, onlara uğurlar arzulayıb.

 

Sonra akademik Zərifə Əliyeva adına liseyin biologiya müəllimi Natalya Qurbanova, Bakı şəhəri 7 nömrəli tam orta məktəbin müəllimi Almarə Hümbətova, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, Sumqayıt Dövlət Universitetinin professoru Cavanşır Məmmədov layihələrin universiadanın Təşkilat Komitəsinə göndərilməsi işinin təşkilinə görə Əqli Mülkiyyət Agentliyinə təşəkkür ediblər. Çıxışlarda gənclərin bu uğurlarının fərəh hissi oyatdığı və gələcəyə nikbin baxış yaratdığı vurğulanıb.

 

Tədbirin sonunda şagird və tələbələr öz layihələri haqqında qısa məlumat veriblər. Universiadanın mükafatçıları bu müsabiqədə iştirakın çox maraqlı olduğunu, onlarda elmə daha böyük həvəs oyatdığını bildiriblər.