Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsində “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tətbiqi”  mövzusunda seminar keçirilib. Seminarda AMEA-nın aqrar məsələlər üzrə müşaviri, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiri akademik Qərib Məmmədov məruzə ilə çıxış edib.

 

Tədbirdə giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetdə alimlərlə görüşlərin mütəmadi olaraq keçirildiyini bildirib. O, həmçinin akademik Q.Məmmədovla olan seminarın professor-müəllim heyəti üçün xüsusi bir fürsət olduğunu da vurğulayıb.

 

Daha sonra akademik Q. Məmmədov coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında geniş məlumat verib.  Torpaq, aqrokimyəvi, o cümlədən multidissiplinar tədqiqatların aparılması üçün həmin platforma üzərində relyefin plastikası metodu, 3D vizuallaşdırma kimi üsullardan istifadə etməklə rəqəmsal torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtib edilməsinin müfəssəl metodikası nümayiş olunub.

 

Sonda geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.