Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun Günü” qeyd olunub.Tədbir iştirakçıları əvvəlcə  ümummilli  lider Heydər Əliyevin universitetin  foyesindəki  büstü  önünə tər çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

 

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksəkixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib. 

 

Bu il universitetin  3425 məzunu olub ki, onlardan 2086 nəfəri bakalavr, 324 nəfəri magistrant, 16 nəfəri xarici ölkə vətəndaşı, 999 nəfəri isə ötən tədris ilindən qalanlardır. Məzunlardan 37  bakalavr və 55 magistrant isə universiteti fərqlənmə ilə bitirib.

 

Qonaqlar çıxışlarında məzunları təbrik edib, onlara gələcək hayatlarında uğurlar arzulayıblar. Çıxış edənlər qeyd ediblər ki, ali təhsilli bu mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, xalqımıza və respublikamıza sədaqətlə xidmət edəcəklər.

 

Daha sonra məzunlar çıxış edərək gələcəyin yüksəkixtisaslı mühəndisləri olacaqlarına, professor-müəllim heyətinin etimadını doğruldacaqlarına söz veriblər.

 

Rəsmi  hissənin  sonunda  təhsildə  fərqlənən və  universitetin ictimai həyatında fəal iştirak etmiş bir  qrup məzuna  Fəxri fərmanlar, fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edilib.

 

Sonra tədbir konsert proqramı ilə davam edib.