İyunun 22-də Azərbaycan Dillər Universitetində (ADU) “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” III konfransının açılış mərasimi keçirilib. Konfrans Tanq Araşdırma Fondunun dəstəyi, İndiana Universitetinin Mərkəzi Avrasiya Araşdırmalar Departamenti və Pekinq Universitetinin Tarix Departamentinin birgə təşkilatçılığı ilə baş tutub.

 

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqları salamlayıb və universitetin səmimi dostluq münasibətlərinə əsaslanan görüşlərə ev sahibliyi etməsindən məmnun olduğunu deyib. “Bu gün Azərbaycanın ədəbiyyatı, mənəviyyatı, tarixi, uzaq və yaxın keçmişi, gələcək perspektivləri bütün cəmiyyət tərəfindən elmi baxımdan araşdırılmaqdadır. Təkcə Azərbaycan alimləri tərəfindən deyil, bu araşdırmalar dünya alimləri tərəfindən aparılır. Çox ciddi və fədakarcasına görülən işlər bu cür konfranslar vasitəsilə də daha yaxşı tanınır. Sizə Azərbaycanda gözəl vaxt keçirməyinizi arzu edirəm. Arzu edirəm ki, bu universitetlər arasında yaranan elmi əməkdaşlıq və birlik dostluğa çevrilsin və o dostluqda azərbaycanlı alimlər də, Azərbaycan cəmiyyətinin üzvləri də yaxından iştirak etsinlər. Bizim arzumuz bu gün Azərbaycanı sülh şəraitində yaşayan, inkişaf edən dövlət kimi görməkdir. İnanıram ki, həm Amerikanın, həm də Çinin ən mütərəqqi qüvvələri Azərbaycan həqiqətlərini obyektiv şəkildə dəyərləndirir və qiymət verirlər. Universitetimiz sizə öz qapılarını açdığı üçün xoşbəxtəm. Arzu edirəm ki, Çinin və Amerikanın üzərində olan açıq səma, sülh şəraiti Azərbaycan və digər ölkələrdə də olsun”,-deyə rektor bildirib.

 

İndiana Universitetinin Mərkəzi Avrasiya Araşdırmalar Departamentinin rəhbəri Cəmşid Çoksi konfransın məqsədi haqqında məlumat verib. O, konfransın 2017-ci ildə Pekinq Universitetində. 2018-ci ildə isə İndiana Universitetində keçirildiyini diqəqət çatdırıb. Konfransın mövzusu ilə bağlı danışan C.Çoksi növbəti müzakirələrin məhz ADU-da keçirilməsindən məmnun olduğunu bildirib.

 

İndiana Universitetinin professoru, “Turkish Flagship” proqramının direktoru Kamal Silay, Pekinq Universitetinin Tarix fakültəsinin dekan müavini Zan Tao öndəgedən universitetlərdən biri olan ADU ilə əməkdaşlıqdan məmnun olduqlarını söyləyiblər, konfransın Bakıda keçirilməsində dəstək göstərən hər kəsə təşəkkürlərini bildiriblər.

 

Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.