Polşanın Qdınya şəhərində keşirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə Azərbaycan təmsilçiləri 10 medal qazanıblar.

 

Belə ki, gənclər arasında fərdi proqramda çıxış edən Arzu Cəlilova topla hərəkətlərdə gümüş, gürzlərlə kompozisiyada isə bürünc medala layiq görülüb. Nərminə Səmədova da lentlə çıxışına görə sıralamada ikinci olub. Gimnastlarımız, həmçinin komanda hesabında da fərqlənərək qızıl medal əldə ediblər.

 

Qrup hərəkətləri komandalarımız isə bütün mümkün finallarda uğurlu performans nümayiş etdirərək hər bir yarışda medala sahib olublar. Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Milana Əkbərova, Mədinə Əsədova və Selcan Hacızadədən ibarət gənc qrup hərəkətləri komandamız tam bir dəst medal qazanıb. Gənc gimnastlarımız çoxnövçülükdə gümüş, halqa ilə kompozisiyalarına görə bürünc, lentlə çıxışlarına görə isə ən yüksək xalla qızıl medalla mükafatlandırılıblar.

 

Böyüklər arasında mübarizə aparan Narın Qurbanova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Humay Əliyeva və Sona Rəhmanovadan ibarət qrup hərəkətləri komandası da çoxnövçülük, top, həmçinin halqa-gürzlərlə çıxışlarına görə bürünc medala layiq görülüblər.

 

 

Sifai SƏFƏROVA