İyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. Iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları gündəliklə tanış edib.

 

Gündəliyə əsasən, iclasda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin “Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda məruzəsi dinlənilib.

 

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb, müvafiq qərar qəbul olunub.

 

Sonra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq AMEA-nın 75 illik yubileyi haqqında məsələ müzakirə edilib. Bununla bağlı çıxış edən akademik A.Əlizadə 2020-ci ilin mart ayında AMEA-nın yaradılmasının 75 ilinin tamam olacağını bildirib. O, AMEA-nın təsis edilməsinin Azərbaycan xalqının elmi və ictimai fikir tarixində mühüm hadisə olduğunu, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafında böyük əhəmiyyət kəsb etdiyini deyib.

 

XX əsrin ikinci yarısında, xüsusilə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə akademiyada xeyli nailiyyətlər əldə olunduğunu deyən akademik A.Əlizadə Ulu Öndərin müstəqillik illərində xalqın tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində AMEA-nın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin elmə göstərdiyi diqqət və qayğı nəticəsində AMEA-nın fəaliyyət dairəsi xeyli genişləndirilib, səlahiyyətləri artırılıb, ölkəmizdə elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından akademiyanın qarşısına mühüm vəzifələr qoyulub. A.Əlizadə akademiyanın 2015-ci ildə qeyd olunan 70 illik yubileyində iştirak edən dövlətimizin başçısının dərin məzmunlu nitqi ilə Azərbaycan elminin respublikanın inkişafını şərtləndirən prioritet fəaliyyət istiqamətlərini müəyyənləşdirdiyini xatırladıb. Bu prioritet istiqamətlər üzrə AMEA-da kompleks tədbirlər həyata keçirildiyini, intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasından irəli gələrək akademiyanın ölkənin inkişafında mühüm rol oynadığını nəzərə çatdırıb.

 

İclasda AMEA-nın 75 illik yubileyi ilə bağlı təkliflər və tədbirlər planı hazırlanması qərara alınıb.

 

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Ümumi yığıncağının 2019-cu il 1 may tarixli qərarının yerinə yetirilməsi ilə bağlı tədbirlər planı haqqında olub. İclasda Rəyasət Heyəti tədbirlər planını təsdiq edib və bu istiqamətdə tapşırıqlar verib.

 

Tədbirdə akademiklər Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov, Zərifə Əliyeva, Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Üzeyir Hacıbəyli, Mikayıl Useynov, Səməd Vurğun, Musa Əliyev, Həsən Əliyev, Zahid Xəlilov, Azad Mirzəcanzadə, Həsən Abdullayev və professor Lütfi Zadə adına xatirə nişanları haqqında əsasnamələr təsdiq edilib.

 

AMEA-nın Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Adil Ağayevin AMEA-nın Xatirə nişanı ilə təltif edilməsi qərara alınıb.

 

İclasda AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, fizika üzrə fəlsəfə doktoru Canməmməd Rüstəmovun Estoniyaya, həmin müəssisənin elmi işçisi Aynur Abdulkərimovanın Çexiyaya, akademiyanın Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Cəmalə Eldarovanın ABŞ-a, AMEA-nın Botanika İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Rəşad Səlimovun və Mərkəzi Nəbatat Bağının sektor müdiri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayevin Almaniyaya ezam edilmələri haqqında qərarlar qəbul edilib.

 

Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun strukturlarında qismən dəyişiklik edilib.

 

İclasda AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edilib, sənədin icrasına dair tapşırıqlar verilib. Habelə AMEA-nın alimlərinin yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul olunub.

 

Akademiyanın Rəyasət Heyətinin qərarı ilə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Samir Məmmədov “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin infrastruktur üzrə direktor müavini vəzifəsinə təsdiq edilib.