AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın Azərbaycandakı səfirliyi “Azərbaycandilli vikipediyada Macarıstanla bağlı informasiyanın genişləndirilməsi” mövzusunda “261+1” adlı layihənin təqdimatını keçirib.

 

MEK-in direktoru Leyla İmanova birgə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıb. Eyni zamanda, L.İmanova MEK-in Vikipediya Metodik Mərkəzinin Macarıstanla bağlı fəaliyyətinə toxunub. 

 

MEK rəhbəri kitabxananın vikipediya fəaliyyətinin beynəlxalq ekpertiza tərəfindən də yüksək qiymətləndirildiyini, Macarıstanla bağlı layihənin bundan sonra da davam etdiriləcəyini və gələcəkdə mindən çox viki-məqalənin hazırlanacağını vurğulayıb.

 

Tədbirdə MEK-lə qarşılıqlı əməkdaşlıqdan söz açan Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkeny ikitərəfli münasibətlərin Azərbaycan-Macarıstan elmi-mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini bildirib. V.Szederkenyi ötən müddət ərzində səfirliyin kitabxana ilə birgə təşkil etdiyi “Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans, “Bakıda Macarıstan günləri”nin, macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin və eyni adlı animasiya filminin macarcadan Azərbaycan dilinə tərcüməsi və təqdimatı, türkoloq Georq Hazai, siyasi-ictimai xadim İştvan Seçeni və Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş tədbirləri xatırladıb. Səfir MEK tərəfindən Macarıstanın əhalisi, adət-ənənələri, coğrafiyası, ədəbiyyatı, tarixi və mədəni irsinə dair 261 viki-məqalənin və portalın hazırlanıb Azərbaycandilli Vikipediyada yerləşdirilməsi layihəsinə xüsusi toxunub. Məqalələrin hər birinin səfirlik tərəfindən xüsusi diqqətlə oxunduğunu və peşəkarlıqla hazırlandığını qeyd edib. 

 

Kitabxananın bu layihəsinin Macarıstanla bağlı məlumatların əldə edilməsi üçün əlverişli elektron yol hesab etdiyini deyən diplomat səfirliyin də layihənin davam etməsində maraqlı olduğunu söyləyib. AMEA və MEK-in rəhbərliyinə, eləcə də kitabxananın kollektivinə birgə əməkdaşlığı dəstəklədiyi üçün minnətdarlığını bildirib.

 

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan- Macarıstan ikitərəfli elmi-mədəni əlaqələrinin genişləndirilməsində səfirlik və MEK-in birgə fəaliyyətini yüksək qiymətləndirib.  İ.Həbibbəyli türkologiyanın inkişafında macar alimlərin rolundan, Macarıstan Elmlər Akademiyasının institutlarının AMEA-nın institutları ilə elmi əlaqələrindən söz açıb. Bu münasibətlər zəminində əldə edilmiş nəticələrin son dərəcə əhəmiyyətli olduğunu deyib. Çoxşaxəli əməkdaşlığın ölkələrimiz arasında elmi və ictimai-siyasi əlaqələrin inkişafına böyük fayda verəcəyinə əminliyini bildirib.

 

Akademik MEK vikipediyaçılarının ölkəmizdə vikipediya hərəkatında qabaqcıl rol oyandığını xüsusi vurğulayıb. Onların Azərbaycan və dost ölkələrlə bağlı reallıqların təbliğinə mühüm töhfələr verdiyini qeyd edib.

 

Sonda MEK-in Sərbəst ensiklopedik resurslar şöbəsinin əməkdaşları - Mahirə Niftullayeva və Nuray Tanrıverdiyeva MEK və Macarıstan səfirliyinin birgə əməkdaşlığı və  “261 + 1” layihəsi ilə bağlı təqdimatla çıxış ediblər.