Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Tbilisidə “Şərq Tərəfdaşlığı” çərçivəsində keçirilən təhsil və mədəniyyət məsələlərinə dair konfransda (25-26 iyun) iştirak edib.

 

Universitetdən  verilən məlumata görə, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə konfransın “Ümumi dəyərlərin təşviqində müəllimlərin rolu” adlı paralel sessiyasında “Azərbaycan nümunəsində: öyrətmə və öyrənmə prosesi vasitəsilə ümumi dəyərlərin təşviq edilməsi” mövzusunda təqdimatla çıxış edib. Prorektor təmsil etdiyi ali təhsil müəssisəsi, həyata keçirilən beynəlxalq layihələr, əcnəbi tələbələrlə işin təşkili haqqında məlumat verib. Bildirib ki, Avropa İttifaqı ölkələrini birləşdirən və onun bütün sənədlərində təsdiqini tapmış 6 ümumi dəyəri – insan ləyaqəti, azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi, insan hüquqlarına, o cümlədən azlıqların hüquqlarına hörmət dəyərlərini inklüziv təhsil, mədəniyyətlərarası səriştə (multikulturalizm), sosial birlik, elmdə tənqidi düşüncə, fəal vətəndaşlıq, media savadlılığı vasitəsilə əhatə etmək olar. Azərbaycanda öyrətmə və öyrənmə prosesində bu dəyərlərin tətbiqi istiqamətində mühüm işlər həyata keçirilib. Təhsil Nazirliyinin xətti ilə aparılan islahatlar, o cümlədən “Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi, inklüziv təhsilə dair “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihələri sadalanan ümumi dəyərlərin geniş yayılmasında əhəmiyyətli rol oynayacaq. Şagirdlərin mənəviyyatının formalaşmasında heç nə müəllimin davranışı qədər əhəmiyyətli rol oynaya bilməz.

 

Sessiyanın sonunda reportaj hazırlayan müşahidəçi, Latviyanın Erasmus+ Milli Agentliyinin təmsilçisi Antra Mengele sessiyanın yekunlarına dair qısa arayış verərkən bu istiqamətdə Azərbaycanda çox maraqlı tədbirlər həyata keçirildiyini və ölkəmizin təcrübəsinin digər ölkələr üçün nümunə olduğunu bildirib.