İyulun 1-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaranmasının 3-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə çıxış edən Biologiya və tibb elmləri bölməsinin akademik katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, əsası hamımızın müəllimi, böyük alim Cəlal Əliyev tərəfindən qoyulan institutun bu gün 3 yaşı tamam olur. C.Əliyevin xidmətləri yalnız institutun adı ilə bağlı deyil. Bütövlükdə ölkəmizdə hətta ölkəmizin hüdudlarından kənarda belə fotosintez sahəsində əldə edilən nailiyyətlər akademikin adı ilə bağlıdır. Akademikin yetirmələrinin Azərbaycandan kənarda qazandığı uğurlar bunu təsdiq edir. “Cəlal müəllimin tələbələri böyük elmi mərkəzlərə rəhbərlik edir, elmə öz töhfələrini verirlər”-deyən Ə.Əmiraslanov institutun direktoru akademik İradə Hüseynovanın xidmətlərini də qeyd edib.  

 

Daha sonra çıxış edən akademik İ.Hüseynova vurğulayıb ki, 30 iyun C. Əliyevin anadan olan günüdür və burada əyləşənlərin hər biri onu öz müəllimi hesab edir. Akademik institutun yaranma tarixi haqqında qısa məlumat verib.  2016-cı il iyulun 1-dən müstəqil fəaliyyətə başlayan institutda hazırda 14 laboratoriya, o cümlədən 5 beynəlxalq laboratoriya, 3 şöbə fəaliyyət göstərir. Artıq 3-cü ildir ki, institutda magistr buraxılışı keçirilir. İnstitutda təhsil alan magistrlar xarici ölkələrdə öz fəaliyyətlərini davam etdirilər. İ.Hüseynova akademik A.Əlizadəyə və BTEB-in elmi katibi Ə.Əmiraslanova institutun yaranması və fəaliyyətində göstərdiyi qayğıya görə təşəkkürünü bildirib. O həm də əmin olduğunu bildirib ki, tezliklə institut əməkdaşlarının arzusunu nəzərə alaraq, instituta onun yaradıcısı olan C.Əliyevin adı veriləcək. C.Əliyev adına mükafatın təsis edilməsi məhz bu yolda atılan böyük bir addımdır.

 

Tədbirin sonunda C.Əliyevə həsr olunmuş “Əbədi Çıraq” filmi nümayiş edilib.