İyulun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Məzun Günü” keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, universitetin İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayev, İctimai Etimad Şurasının üzvləri, eləcə də professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, bu ilin məzunları ona daha çox doğmadır, çünki ADNSU-ya gəlişləri eyni vaxta təsadüf edib. 4 il bundan qabaq ilk dəfə qədəmlərini universitetə atan tələbələr bu gün məzun adını qazanıblar. Professor M.Babanlı tələbələrin yüksək təhsil almasının vacibliyini və universitetdə hər zaman buna diqqət edildiyini qeyd edib. Eyni zamanda, ADNSU-da işəgötürənlərə lazımlı, gərəkli olan kadrlar yetişdirildiyini diqqətə çatdırıb.

 

Millət vəkili Məlahət İbrahimqızı çıxışında ADNSU-da ixtisaslı kadrların yetişməsinə hər zaman önəm verildiyini, xüsusilə, son illər ölkədə gedən təhsil islahatlarının burada özünü daha aydın sübut etdiyini deyib. O, məzunlara, universitetin rəhbərliyinə və kollektivinə təbriklərini çatdırdıqdan sonra bu il ali təhsilini başa vurub həqiqi hərbi xidmətə yollanacaq övladlarımıza uğurlar, layiqli xidmət arzulayıb.

 

Sonra millət vəkili Aydın Mirzəzadə məzunları təbrik edərək bildirib ki, ADNSU-nun builki məzunlarının bilik və bacarıqları ilə artıq tanışdır. Onların hər birinin yüksək potensialı var. Ölkədə təhsilin, o cümlədən ali təhsilin inkişafına göstərilən diqqət və qayğı burada özünü tam doğruldub.

 

SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayev də çıxışında universitetdəki təhsilin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb və əlavə edib ki, ADNSU-nu bitirən məzunlar artıq istehsalat sahələrində ixtisaslı mütəxəssis kimi önə çəkilirlər. Onlar bugünün tələbələrinə cavab verən kadr kimi yetişdirilirlər.

 

Universiteti fərqləmə ilə bitirən tələbələrə tiplomlar təqdim olunduqdan sonra ən yüksək nəticə əldə etmiş məzunların adları simvolik kötüyə həkk olunub.

 

Rəsmi hissə başa çatdıqdan sonra tədbir konsert proqramı ilə davam etdirilib.