İyulun 4-də Bakı Ali Neft Məktəbinin (BANM) növbəti “Məzun günü” keçirilib. Sayca üçüncü dəfə  reallaşan “Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Ali Məktəbin professor-müəllim heyəti, ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin rektorları, transmilli şirkətlərin rəhbər və təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar, onların valideynləri və qonaqlar iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan BANM-ın rektoru Elmar Qasımov məzunları bu əlamətdar gün münasibətilə təbrik edərək, məzunlara gələcək karyera və həyatlarında uğurlar arzulayıb. “Bakı Ali Neft Məktəbində təhsil aldıqları müddətdə daim nizam-intizamları ilə seçilmiş, təhsil həyatlarında böyük uğurlar qazanmış məzunlarımız bu gün bakalavriat və magistratura təhsili dövrünü tamamlayır, eyni zamanda həyatda növbəti karyera və təhsil addımlarının təməlini qoyurlar. Bütün məzunlarımıza müvəffəqiyyətlər, gələcək karyera və həyatlarında uğurlar arzulayıram”– deyə rektor vurğulayıb.

 

Tədbirdə nəzərə çatdırılıb ki, BANM-ın builki məzunlarının artıq 80%-i yerli və transmilli şirkətlərə işə qəbul olunub, eləcə də, beynəlxalq universitetlərdə tam təqaüdlə təhsil əldə ediblər.

 

Bu gün BANM məzunları SOCAR, Star, Petkim, BP, Halliburton, Schumberger, Maire Tecnimont və s. kimi nüfuzlu müəssisələrdə çalışır.

 

Mərasimdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov,  BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz çıxış edib.

 

Sonra tədbirdə Heriot Vatt universitetinin müəllimlərinin, eləcə də, BANM-ın ötənilki məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən bu ilki məzunlara göndərdiyi təbrik videosu nümayiş olunub.

 

“Məzun günü” diplomların təqdim olunma mərasimi ilə davam edib. 2018/2019-cu tədris ilində Ali Məktəbin “Neft-qaz mühəndisliyi” (46 nəfər), “Kimya mühəndisliyi” (48 nəfər), “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (16 nəfər) ixtisasları üzrə ümumilikdə 110 bakalavr məzunu BANM-ın diplomlarını alıblar. Onlardan 40 nəfəri eyni zamanda, Heriot Vatt Universitetinin diplomunu əldə edib.

 

Bu il BANM ilk magistr buraxılışı həyata keçirib. 13 nəfər magistr məzunlarının hər biri  BANM ilə yanaşı, Heriot Vatt Universitetinin də diplomuna  yiyələnib.

 

2018/2019-cu tədris ilində Ali Məktəbi fərqlənmə ilə bitirən 6 tələbənin diplomu  da təqdim edilib.

 

Məzun buraxılışında Ali Məktəb üzrə birinci olan Rəmziyyə Qarazadənin adı simvolik kötüyə həkk olunub.

 

 “Məzun günü” bədii hissə ilə davam edib.

 

Sonda mantiya geyinmiş məzunların ənənəvi “papaq atma” mərasimi keçirilib.