Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 1974-1979-cu illərdə Mühəndislik fakültəsini bitirən məzunlarla görüş keçirilib. Universitetin 2 saylı tələbə yataqxanasının zalında keçirilən tədbirdə 60 nəfər məzun bir araya gələrək xatirələrini bölüşüblər.

 

ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov məzunları burada görməkdən məmnunluğunu ifadə edib. O bildirib ki, vaxtilə universitetdə təhsil alan gənclərin əksəriyyəti bu gün ölkəmizdə müxtəlif vəzifələr tutan, müəyyən mövqeyə malik ixtisaslı, peşəkar kadrlardır.

 

A.Hətəmov görüş iştirakçılarının diqqətinə çatdırıb ki, hələ sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyev tərəfindən bu ali təhsil ocağına böyük qayğı göstərilib. Bu gün isə Prezident İlham Əliyevin diqqəti nəticəsində Aqrar Universitetin qarşısında daha böyük imkanlar açılıb. Ölkədə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulmasında, ərzaq təhlükəsizliyinin həllində, insanların ekoloji cəhətdən sağlam qida məhsulları ilə təminatında universitetin üzərinə böyük məsuliyyət düşür.

 

Daha sonra Mühəndislik fakültəsinin dekanı professor Cəmaləddin Məmmədov ölkədə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışıb. O, ADAU-nun bu gün kənd təsərrüfatının inkişafındakı rolu və ölkəmizdə aparıcı mütəxəssislərin yetişməsi üçün böyük əhəmiyyəti haqda məzunlara məlumat verib.

 

Sonda məzunların tələbəlik illəri ilə bağlı videoçarx izlənilib.