Çexiya Respublikasının Mendel Universitetinin professoru, Meşəçilik fakültəsinin dekan müavini Petr Kupec Lənkəran Dövlət Universitetində (LDU) olub.

 

Çexiyalı professor LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla görüşüb. Görüş zamanı əməkdaşlıq əlaqələri nəzərdən keçirilib, hər iki universitetdə mövcud olan “Meşəçilik”, “Aqronomluq”, “Bitkiçilik”, “İqtisadiyyat” və s. ixtisaslarla bağlı əlaqələrin gələcək perspektivləri müzakirə olunub.

 

LDU-da ötən il xaricdən gətirilərək quraşdırılmış modern laboratoriyalarla tanış olan P.Kupec burada praktik məşğələlərin, eləcə də elmi tədqiqatların aparılması üçün şəraiti yüksək qiymətləndirib, peşəkar mütəxəssislər hazırlamaq üçün hər cür imkanın olduğunu bildirib.

 

Çexiyalı qonaq universitetin tədris-təcrübə sahəsini gəzib, sitrus və çay əkinlərinin becərilməsi texnologiyası ilə də tanış olub. Universitetin turizm-tədris-təcrübə bazası ilə tanışlıq P.Kupecdə xoş təəssürat yaradıb.

 

Universitetlə bir günlük əyani tanışlıqdan sonra P.Kupec təmsil etdiyi Mendel Universiteti ilə LDU arasında Anlaşma memorandumu imzalanmasına razılığını bildirib. Memorandum iki universitet arasında müəllim-professor heyətinin, eləcə də tələbələrin mübadiləsini həyata keçiriməyə və birgə elmi-tədqiqat işlərinin aparılmasına şərait yaradacaq. Anlaşma memorandiumunun yeni tədris ilinə kimi imzalanması nəzərdə tutulur.

 

Görüşdə universitetlər arasında "Erasmus+" proqramı çərçivəsində əməkdaşlığın perspektivləri də müzakirə edilib.