Bakı Ali Neft Məktəbində (BANM) Amerika Birləşmiş Ştatlarının aparıcı ali təhsil müəssisələrindən olan Texas A&M Universiteti (TAMİU) və Laredo Kollecinin rəhbər şəxsləri ilə görüş keçirilib.

 

Görüşdə Texas A&M Universitetinin tədqiqat və sponsor layihələri üzrə prorektor müavini Con Kilburn, Laredo Kollecinin prezidenti Ricardo J.Solis, kollecin nümayəndəsi Silviya de Zeon iştirak edib.

 

Qonaqlar ilk olaraq BANM-in kampusu ilə tanış olub. Onlara Ali Məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı labaratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib.

 

Rektor Elmar Qasımov onlara Ali Məktəbin əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında danışıb. O, Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksəkixtisaslı kadrların hazırlanmasında BANM-in rolunu qeyd edib: “Bu gün BANM-in Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarının məzunlarına Bakı Ali Neft Məktəbi ilə yanaşı, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin də diplomları verilir. Bu təcrübəni nəzərə alaraq tələbələrin Texas A&M Universitetində magistr təhsili, birgə elmi tədqiqatların aparılması, müəllimlərin distant və fiziki yolla tədris prosesinə cəlb edilməsi istiqamətində əməkdaşlığı  məqsədəuyğun hesab edirik”.

 

Texas A&M Universitetinin prorektor müavini Con Kilburn birgə tədqiqatların aparılmasına və tələbə mübadiləsinə maraqlı olduqlarını qeyd edib. O, əldə olunan razılaşmadan sonra birgə əməkdaşlıq əlaqələrini intensivləşdirməyin mümkünlüyünü bildirib.

 

Sonda Bakı Ali Neft Məktəbi ilə Texas A&M Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

 

Məlumat üçün bildirək ki, Texas A&M Universiteti 7500-dən çox tələbəyə incəsənət, elm, biznes administrasiyası, tibb kimi müxtəlif ixtisaslarda bakalavriat, magistratura və doktorantura dərəcəsi üzrə təhsil təqdim edir. Universitet bakalavriat səviyyəsində Sistem mühəndisliyi ixtisası üzrə də tədris həyata keçirir. Texas A&M Universiteti Qərbi Hemisfer Ticarəti Araşdırma Mərkəzi, Qərbi Hemisfer Ticarəti İnformasiya Mərkəzi, Yer və Ətraf Mühit Elmləri Mərkəzi, Kiçik Biznes İnkişafı Mərkəzi və s. kimi tədqiqat mərkəzlərinə ev sahibliyi edir.