Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Rak şəhərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin tələbələri ATU-da praktika keçib.

 

3 həftə davam edən praktika zamanı 3-cü kurs tələbələri ATU-nun Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikalarında müalicə işi üzrə biliklərini artırıblar. Ərəb tələbələr bu müddət ərzində klinikalarda keçirilən əməliyyatlarda iştirak ediblər, treyninq mərkəzlərində keçirilən tədbirlərə qatılıblar.

 

BƏƏ-dən olan tələbələr praktikanın bitməsi münasibətilə ATU rəhbərliyi ilə görüşüblər. ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov universitetə hər il dünyanın müxtəlif ölkələrindən olan tələbələrin praktika keçdiyini, aparıcı mütəxəssislərin ATU-da qonaq olduğunu bildirib. Qeyd edib ki, hazırda Azərbaycan Tibb Universiteti geniş beynəlxalq əlaqələrə malikdir.

 

Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Sabrin Ali Azim əməkdaşlıq üçün şəraitin yaradıldığına görə ATU rəhbərliyinə, xüsusi olaraq rektor Gəray Gəraybəyliyə təşəkkürünü bildirib. Sabrin Ali Azim ATU ilə əməkdaşlığın gücləndiriləcəyini və gələcəkdə daha çox birgə layihələrin icra olunacağından əminliyini bildirib.

 

Görüşün sonunda ATU-da təcrübə keçən BƏƏ-li tələbələrə sertifikatlar təqdim olunub. Gənclər kursdan məmnun qaldıqlarını, ATU-da keçdikləri praktikanın onların gələcək karyeralarına ciddi fayda verəcəyini bildiriblər.