M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının tələbələri AMEA Yüksək Texnologiyalar Parkına (YT Parkı) elmi-təcrübə ekskursiya ediblər.

 

Öncə YT Parkın direktoru, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov universitet heyətini qarşılayaraq onlara rəhbərlik etdiyi müəssisə haqqında ətraflı məlumat verib. Bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.

 

Qonaqlar AMEA-nın təşəbbüsü ilə qurulan, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi (SEASM) ilə tanış olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.

 

Qeyd olunub ki, mərkəzdə quraşdırılmış cihazların qeyri-neft sektorunda, istehlak mallarında toksik elementlərin təyinində, dərman preparatlarının hazırlıq prosesində, kənd təsərrüfatında və tibbi-ekspertizada istifadəsi mümkündür.

 

Sonra universitet heyəti AMEA-nın Təcrübə-Sənaye Zavodu ilə tanış olub. Ziyarətçilərə zavodun əsas fəaliyyət istiqamətləri, burada istehsal olunan innovativ məhsullar barədə məlumat verilib. 

 

Ziyarətçilər 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA-nın birgə təsis etdiyi “Millers Oils Azerbaijan” MMC-nin məhsulları və istehsal sahəsi ilə də tanış olublar. Müəllim və tələbə heyətinə burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib. Qeyd edilib ki, “Millers Oils Azerbaijan” MMC dünya standartlarına cavab verən yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı ilə məşğuldur.

 

MDU-dan olan nümayəndələr sürtkü yağlarının istehsalı ilə məşğul olan hər iki müəssisəsin istehsal prosesində bilavasitə iştirak edib. YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti ekskursiya iştirakçılarının böyük marağına səbəb olub, onları maraqlandıran suallar cavablandırılıb.