AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri çərçivəsində hazırlanmış növbəti layihəsinin təqdimatı keçirilib.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, SETM müharibə şəraitində olan ölkəmiz üçün böyük əhəmiyyətə malik elmi-tədqiqat işlərinin hazırlanması, yeni və mövcud layihələrin davam etdirilməsi, eləcə də yekun nümunənin aidiyyəti qurumlarla birgə sınaq işlərinin həyata keçirilməsi işlərini uğurla davam etdirir.

 

AMEA prezidenti Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan siyasətin, eyni zamanda çoxsaylı tədbirlərin davamı olaraq rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işləri üzrə layihələrin genişləndirilməsi və inkişaf etdirilməsinin olduqca aktual olduğunu diqqətə çatdırıb.

 

Akademik A.Əlizadə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə artıq 3 ildir ki, fəaliyyət göstərən AMEA Yüksək Texnologiyalar Parkında bir sıra mühüm elmi-praktiki nailiyyətlərin əldə olunduğunu, innovativ tədbirlərin görüldüyünü deyib. Alim bildirib ki, əsas məqsəd büdcədənkənar vəsait hesabına fundamental elmi istiqamətlərdə yeni layihələrə sərmayə yatırılması, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsidir.

 

SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev mövcud və perspektiv elmi tədqiqat işləri barədə çıxış edərək bildirib ki, hazırda SETM ilə AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən müvafiq dövlət qurumları ilə birgə layihələr həyata keçirilir. O, həmçinin layihələrin həyata keçirilməsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının xüsusi xidmətləri olduğunu vurğulayıb.

 

F.Abdullayev öz çıxışında bildirib ki, SETM-in əsas məqsədi və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi zamanı AMEA-nın aidiyyəti elmi müəssisə və təşkilatlarının, xüsusilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin mütəxəssislərinin layihələrə cəlb edilməsi, bu sahədə elmi tədqiqat, texnoloji, layihə-konstruktor, texniki istehsal hazırlığı, sınaq laboratoriyalarını özündə birləşdirən sistemin yaradılması olduqca əhəmiyyətlidir.

 

SETM rəhbəri diqqətə çatdırıb ki, ilin sonunadək bir neçə layihənin də təqdim olunması nəzərdə tutulur.

 

Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının səlahiyyətli nümayəndəsi, polkovnik Arif Həsənov və SETM rəhbərinin müavini, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov təqdim olunan hərbi məmulatın texniki parametrləri və potensial döyüş şəraitində istismarı barədə ətraflı məlumat veriblər.

 

Bildirilib ki, Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən, SETM-in layihələrinin son hazır nümunələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunub.

 

Sonda yeni avadanlığın texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.