Çin Elmlər Akademiyasının Fizika İnstitutunun Məsləhət Şurasının sədri, akademik Enge Vanq,  həmin akademiyanın Fizika İnstitutunun direktor müavini, professor Ya Ven,  Fizika və Kimya üzrə Sincan texniki institutunun direktor müavini, professor Hacı Əkbər Aişa və digərləri Azərbaycan Milli Elmlər Akademiyasın (AMEA) Fizika İnstitutunda olublar.

 

Qonaqlar əvvəlcə institutun direktoru, akademik Nazim Məmmədovla görüşüblər.  Görüşdə  N.Məmmədov AMEA Fizika İnstitutunun  fəaliyyəti, elmi nəticələri haqqinda məlumat verib, burada aparılan tədqiqatlardan bəhs edib. 

 

Akademik Enge Vanq bildirib ki, Fizika İnstitutuna səfər etməkdə məqsəd İnstitutun fəaliyyəti ilə tanış olmaq, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.

 

Qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə  tanış olublar. AMEA Fizika İnstitutunun alimləri burada aparılan tədqiqat işləri haqqında məlumat veriblər.

 

Çinli alimlərdən ibarət nümayəndə heyəti həm də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar  nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi və Azərbaycan Tibb Universitetini də ziyarət ediblər, Mərkəzin direktoru professor Sevda Abdullayeva və Universitetin prorektoru Orxan İsayevlə görüşüblər. Hər iki təşkilatda aparılan elmi-tədqiqat işləri ilə tanış olan qonaqlar yaxın gələcəkdə sıx əməkdaşlıq yaradılması məsələlərini müzakirə ediblər.