Bakı Dövlət Universitetində (BDU) müxtəlif illərdə bu ali təhsil ocağının hüquq, fizika, riyaziyyat, şərqşünaslıq, biologiya fakültələrini bitirən vyetnamlı məzunlarla görüş təşkil olunub.

 

Universitetin rektoru Elçin Babayev iki ölkə arasında əlaqələrin inkişafında və daha da möhkəmlənməsində Azərbaycan ali təhsil ocaqlarının, xüsusilə BDU-nun vyetnamlı məzunlarının böyük rol oynadığını vurğulayıb.

 

Rektor BDU-nun vyetnamlı məzunlarının hazırda Vyetnam Milli Assambleyasında, o cümlədən müxtəlif dövlət qurumlarında, təhsil ocaqlarında, elm və araşdırma mərkəzlərində, habelə özəl sektorda çalışdıqlarını diqqətə çatdırıb. Azərbaycanın Vyetnamla bütün sahələr üzrə əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edərək, təhsil sahəsində tarixən mövcud olan uğurlu əlaqələrin davam etdirilməsinin vacibliyini deyib.

 

BDU-nun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd ediləcəyini bildirən rektor vyetnamlı məzunları yubileyə və həmin günlərdə keçiriləcək məzunlar forumuna dəvət edib.

 

BDU-nun fizika fakültəsinin 1979-cu il məzunu, nümayəndə heyətinin rəhbəri Nguyen Hoai Chau doğma universitetdə olmalarından məmnunluğunu bildirib. Qonaq artıq 30 ildir hər il BDU-nun təsis edildiyi sentyabrın 1-də Azərbaycan ali təhsil ocaqlarının digər vyetnamlı məzunları ilə birlikdə bu əlamətdar günü qeyd etdiklərini söyləyib.

 

Ötən əsrin 70-80-ci illərində Vyetnamdan böyük bir ziyalı təbəqəsinin məhz respublikamızda təhsil almasını yüksək qiymətləndirən vyetnamlı məzunların müəllimləri bu dostluğun əsasında hələ SSRİ vaxtında Vyetnama səfər edən ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edib, məzunların öz doğma universitetlərini hər zaman xatırladıqlarını, müntəzəm olaraq ziyarət etdiklərini bildiriblər.

 

Məzunlar təhsil aldıqları fakültələrdə, dərs keçdikləri auditoriyalarda, laboratoriyalarda olub, universitetin inkişafından məmnun olduqlarını söyləyiblər.