Beynəlxalq konfransın bu mövzuda bölmə iclası Çində keçirilib


Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

 

Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

 

Aprelin 22-də Çinin Huzhou Universitetində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Bir qurşaq – bir yol: multikulturalizmin öyrənilməsi” mövzusunda bölmə iclası keçirilib. İclasda Azərbaycan Dillər Universitetinin nümayəndələri, Huzhou Universitetinin professor-müəllim və tələbə heyəti, Mədəniyyətlərarası Dialoq Araşdırmaları Mərkəzinin əməkdaşları və Çinin Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri iştirak edib.

 

Bölmə iclası öz işinə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə başlayıb.

 

Tədbiri açan AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətinin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini xatırladıb. Professor bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, xalqımızın həyat tərzinə çevrilib və bu gün xalqımızın xarakterik xüsusiyyətlərindən biri olan tolerantlığın gələcək inkişafı üçün Azərbaycanda hüquqi baza artıq yaradılıb.

 

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstrən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsində İpək yolu” mövzusunda məruzə edib. Professor bildirib ki, Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir, ulu öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdırıb.

 

Huzhou Universitetinin Ali Təhsil Tədqiqatları Mərkəzinin direktoru, professor Yan Denke "İpək Yolu üzərində mədəniyyətlərarası dialoq" mövzusunda məruzə edib. Bildirib ki, tarixi “İpək yolu” üzərində olan Azərbaycan iki min ildən artıq müddətdə Şərq və Qərb arasında elmin, mədəniyyətin və ideyaların yayılması istiqamətində körpü rolu oynayır.

 

Huzhou Universitetinin Beynəlxalq Kollecinin direktoru, professor Zhu Din Avropa və Asiya ölkələrinin gəncləri arasında əməkdaşlığın qurulması, tolerantlığın və qarşılıqlı anlaşmanın təbliği sahəsində səylərin birləşdirilməsinin və təcrübələrin bölüşdürülməsinin vacibliyini diqqətə çatdırıb.

 

Sonda Huzhou Universitetinə Prezident İlham Əliyevin çoxplanlı fəaliyyətlərini əks etdirən "Azərbaycan-Çin: diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü" adlı kitab təqdim olunub.