Koreya İdxal-İxrac Bankının İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondunun nümayəndə heyəti ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi arasında işgüzar görüş baş tutub.

 

Görüşün əsas məqsədi Azərbaycan Respublikası Hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında 11 aprel 2014-cü il tarixində imzalanmış Kredit Sazişinə çərçivəsində 6 nömrəli Bakı Peşə Liseyinin ərazisində həyata keçirilən “Peşə Tədris Mərkəzinin Yaradılması” layihəsi üzrə icra edilmiş və icrası nəzərdə tutulan işlərin müzakirəsi olub.

 

Koreya İdxal-İxrac Bankının İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondunun direktoru Chang Younsoo da yer aldığı nümayəndə heyəti daha sonra hazırda son tamamlanma işlərinin aparıldığı təhsil müəssisəsində olub.

 

Cari tədris ilindən fəaliyyətə başlayacaq mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir.

 

Sözügedən təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesi üçün nəzərdə tutulan kurikulumlar koreyalı ekspertlər və özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.