“2019/2020-ci tədris ilinə bakalavriat səviyyəsi üzrə 1605, magistratura səviyyəsi üzrə 333 plan yeri nəzərdə tutulub. Tələbə qeydiyyatının nəticələrini nəzərə alaraq, deyə bilərəm ki, qəbul planı 95% yerinə yetirilib. Keçən tədris ilində bu rəqəm 91% təşkil edirdi. Gələn ilə hədəfimiz 100%-dir”. Bu fikirləri Azərbaycan Dillər Universitetinin (ADU) Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova deyib.

 

O bildirib ki, ADU-ya maraq ildən ilə artmaqdadır. Bunun səbəblərindən biri müasir dövrdə xarici dillərə yaranan ehtiyac olsa da, əsas səbəb tədrisin keyfiyyətinin yüksək olması ilə bağlıdır.

 

Şöbə müdiri vurğulayıb ki, qəbul zamanı abituriyentlərə bir neçə ixtisas seçmək imkanı verilir. Bəzən tələbələr topladıqları bala uyğun istəmədikləri ixtisası seçirlər. Bu da istər-istəməz həm qəbul faizinə, həm də tədrisin keyfiyyətinə təsir göstərən amildir: “Bu il fərqli mənzərəylə qarşılaşdıq. Tələbələrin əksəriyyəti seçimdən öncə əlaqə saxlayaraq universitetdə tədrisin keyfiyyəti, xaricdə təhsil almaq imkanları, öyrənə biləcəkləri ikinci xarici dillər haqda məlumat toplayırdılar. Bu universitetlər arasındakı rəqabətin göstəricisidir. Məsələn, bir tələbəmiz olimpiada qalibi olduğu üçün müsabiqədən kənar qəbul olunub və universitetimizin Norveçşünaslıq ixtisasını seçib. Və ya 672 bal toplayan 1 tələbəmiz Koreya dili üzrə tərcümə ixtisasını seçib. Bunun kimi çox misal çəkmək olar. Deməli, insanlar bu ixtisasları sevib seçiblər. Sevindirici haldır ki, “balım hara çatsa…” prinsipi aradan qalxır”.

 

Ş.Şahməmmədova Dillər Universitetinin Əlavə təhsil və təcrübə fakültəsinə qəbul göstəricisi ötən illərlə müqayisədə bu il yüksək olmasına da toxunaraq bildirib ki, bu fakültədə 2 istiqamət fəaliyyət göstərir: kadrların yenidən hazırlanması və təkrar ali təhsil. Hər 2 istiqamət üzrə bu il müraciətlərin sayı əvvəlki illərlə müqayisədə 2 dəfə çoxdur: “Universitet tərəfindən bu istiqamətə diqqətin artırılması, müsabiqənin obyektiv, şəffaf keçirilməsi, tanıtımların təşkili nəticəyə öz müsbət təsirini göstərir. Həmçinin, universitetin elmi potensialı, tədirisin keyfiyyəti və s. təkrar ali təhsil almaq istəyənləri özünə cəlb edir”. 

 

Şöbə müdiri onu da bildirib ki, ADU-da tələbə-müəllim münasibətləri, müəllim seçmək hüququ, tələbələrin fikir və təkliflərinin nəzərə alınması, tədris prosesini qiymətləndirməsi, şikayətlərinə baxılması yüksək səviyyədə həyata keçirilir. Tələbələr universitetin şura, iclas, tədbirlərində yaxından iştirak edir, təkliflər verirlər. Tədris proqramlarının işlənməsində onların rəyi nəzərə alınır: “Tələbələrlə iş zamanı Tələbə Həmkarlar Komitəsinin işini qiymətləndirməmək olmaz. Mətbuatdan da izlədiyimiz kimi, bu ilki tələbə qeydiyyatı zamanı çox böyük işlərə imza atdılar. Digər tələb tədris planlarının təkmilləşdirilməsidir ki, bu istiqamətdə müəyyən işlər həyata keçirilib. Müəllim və tələbələrin rəyləri əsasında müəyyən təkliflər hazırlanıb. Növbəti dövlət standartları hazırlanan zaman bu təkliflər təqdim olunacaq. Başqa bir tələb müəllim heyətinin peşəkarlıq səviyyəsidir. Bu istiqamətdə də aparılan işlər öz nəticəsini verir. Belə ki, müəllimlərin peşəkarlıq səviyyələrini artırmaq üçün universitet müəllimləri xarici ölkələrin profil ali məktəblərinə uzun müddətli ixtisasartırma kurslarına göndərildi və bu proses davam edir. Müəllimlərin xaricdə ixtisasartırma kurslarında ödənişsiz iştirakı müəllimlər üçün çox böyük fürsət oldu. Bildiyimiz kimi öz hesabına xaricdə kurs keçmək çox böyük maliyyə tələb edir. İlk dəfə olaraq özümüz də xarici mütəxəssisləri universitetimizə ixtisasartırma kursu keçməyə cəlb etdik. Bu yaxınlarda fransızdilli xarici mütəxəssislər 39 nəfər fransız dili müəlliminə universitetimizdə ixtisasartırma kursu keçdi”.

 

O əlavə edib ki, digər tələb tədris resurslarının təkmilləşdirilməsidir: “Bildiyiniz kimi tədris resurslarına kitabxana, tədris vasitələri, tyutor məsləhət və tövsiyələri və s. aiddir. Bu istiqamətdə işlərimiz davam edir. Elektron kitabxananın qurulması prosesi, kitabxanaya yeni dərslik, dərs vəsaiti, ədəbiyyatın alınması prosesi davam edir. Hər il sillabusların, fənn proqramlarının monitorinqi aparılır. Tələbələrə məlumat və tövsiyələri düzgün versinlər deyə, ildə bir neçə dəfə tyutorlara təlimlər təşkil olunur”.