Sentyabrın 14-də İmişli rayonunda H.Hüseynov adına Qızılkənd və Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəblərin açılış mərasimi keçirilib.
 
 
İmişli rayonu H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbin açılış mərasimində Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev, şagird və müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
 
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkənin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Aydın Əhmədov bildirib ki, məktəblər müasir standartlara uyğun inşa olunur və ilin sonunadək daha bir neçə bölgədə yeni məktəblər istifadəyə veriləcək.
 
 
Açılış mərasimində çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev qeyd edib ki, açılış mərasimi keçirilən məktəblər təhsil göstəricilərinin yüksək olması ilə fərqlənir. 
 
 
Tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
 
 
Qeyd edək ki, 624 şagird yerlik İmişli rayonu H.Hüseynov adına Qızılkənd  kənd tam orta məktəbdə 560 şagirdin təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olur.
 
 
Daha sonra Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.
 
 
Bildirilib ki, məktəb binası 132 şagird yerlikdir.  Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur.
 
 
Yeni açılan hər iki məktəb binasında müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana var.