Portal vasitəsilə köçürülən tələbələr prosesdən razıdırlar


Artıq tələbələr heç bir yerə getmədən, heç bir növbə gözləmədən təhsil aldığı universiteti dəyişə bilir. Bəs, bu necə baş verir? Çox sadə. Deməli, tələbə Təhsil Nazirliyinin yaratdığı transfer.edu.az portalına daxil olur və telefon vasitəsilə rahatlıqla bir universitetdən digərinə köçürülür.

 

Bu imkanı tələbələrə Təhsil Nazirliyi tərəfindən 2016-cı ildə yaradılan transfer.edu.az portalı verir. Portalın yaradılmasında məqsəd tələbələrin köçürülmə prosesini sadələşdirmək, onların arzuladıqları universitetə rahatlıqla köçürülməsini təmin etməkdir. Nəzərə çatdıraq ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi il ərzində iki dəfə həyata keçirilir.

 

Bəs, köçürülmə prosesi necə həyata keçirilir?

 

Qeyd edək ki, köçürülmək arzusunda olan tələbə öncə transfer.edu.az portalına daxil olub, sistemdə qeydiyyatdan keçir. Bunun üçün əsas səhifədə olan “sistemdə  qeydiyyatdan keç” bölməsinə daxil olmaq lazımdır. Qeydiyyat üç mərhələdən və sistemin aktivləşdirilməsindən ibarətdir. Prosesə başlamazdan əvvəl tələbə köçürülmə qaydaları ilə tanış olmalı və onları qəbul etməlidir. Qeydiyyatın ilkin mərhələsində sistemin təklif etdiyi iki variantdan birini seçmək mümkündür: Azərbaycan və ya Xarici ölkə universitetlərində təhsil alanlar.

 

Tələbənin harada oxumasından asılı olmayaraq, qeydiyyatın ikinci mərhələsində öz şəxsiyyət vəsiqəsinin FİN kodunu qeyd etməlidir. Əgər o, əcnəbi universitetdə təhsil alıbsa,  bütün şəxsi məlumatlar əl ilə, manual rejimdə daxil edilməlidir.

 

FİN kodunu və ATM-ə daxil olduğu ili qeyd etdikdən sonra tələbə barəsində fərdi məlumatlar gəlir. Bundan sonra həmin məlumatları təsdiqləməlidir.

 

Növbəti mərhələdə, istifadəçi öz mobil nömrəsini daxil etməli və şifrəsini müəyyənləşdirməlidir. SMS bildirişi vasitəsilə telefona dördrəqəmli kod gəlir. Nömrəni təsdiqləmək üçün həmin kod daxil edilməlidir. Bununla qeydiyyat prosesi tamamlanır və istifadəçi “Şəxsi səhifəsinə” keçid alır.

 

Əgər tələbə Azərbaycan universitetlərindən birində təhsil alırsa, sorğunun göndərilməsi üçün təqdim olunan siyahıdakı ali təhsil müəssisəsini seçməli və ixtisasların qeyd olunduğu cədvəldə aidiyyəti ixtisasının qarşısındakı “Sorğu göndərmək” düyməsini basmalıdır. Daha sonra müxtəlif məlumat və sənədlərin yüklənməsi üçün xüsusi formaya malik yeni səhifə açılır.

 

Köçürülmə üçün sorğu yalnız bir universitet və bir ixtisasa verilə bilər. Seçilmiş məlumatların dəyişdirilməsi üçün cari məlumatlar ləğv edilməlidir.

 

“Cavab gözlənilir” statusu müəyyənləşdirənədək tələbə göndərdiyi sorğunu ləğv edə bilər. Nəticədən asılı olaraq, sonda iki statusu qeyd edilə bilər;

 

“İmtina edilib” - səbəb göstərilməklə köçürülmədən imtina olunduğu halda;

 

“Təsdiqlənib” - proses uğurla nəticələndiyi halda. Bu zaman operator köçürülmə haqqında Təhsil Nazirliyinin razılıq məktubunu sistemə yükləyir. Həmin sənəd yüklənə və ya çap edilə bilər.

 

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisnadır.

 

“Təhsilimi axşam növbəsində almaq üçün İqtisad Universitetinə keçmək istədim”

 

Əhməd Hacılı hazırda Azərbaycan Dövlət İqtisad Universitetində magistr pilləsi üzrə təhsil alır. Portaldan istifadə edərək Texniki Universitetdən İqtisad Universitetinə köçürüldüyünü deyir. Səbəbi isə belə izah edir: “Magistratura pilləsinə qəbul olarkən,  adətən axşam saatlarında dərs cədvəli olan universitetləri seçmək istəyirdim. Elə bu məqsədlə də ilk seçimim Azərbaycan Texniki Universiteti olmuşdu. Ancaq qəbul olduqdan sonra rəhbərlik tərəfindən dərslərin səhər və günorta saatlarına keçirilməsi qərarı verildi. Təhsilimi axşam növbəsində almaq üçün İqtisad Universitetinə keçmək istədim. Bu səbəbdən transfer.edu.az portalına daxil oldum və portal vasitəsi ilə köçürüldüm. Portalın istifadəsi olduqca sadə və rahatdır. Mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdim. Daha sonra şəxsiyyət vəsiqəsinin məlumatlarını yazdıqdan sonra dərhal mənim oxuduğum universitetin adı, DİM imtahanında topladığım bal ekranda təsvir olundu. Köçürülmə hissəsində köçürülə biləcəyim universitetlərin siyahısı çıxdı. Lazım olan sənədlərin siyahısı tam olaraq qeyd olunmuşdu. Sənədləri toplayıb skan etdikdən sonra yüklədim və köçürülmə sorğu göndərdim. Köçürülmə sorğusu cədvəlində “Status” bölməsində hal-hazırkı məlumatın verilməsi çox yaxşı idi. Sənədlərin yoxlanması, köçürüləcəyim universitetdən cavab gözlənilir və s. kimi status dəyişiklikləri oldu. Sonra mobil telefonuma köçürülmənin nəticəsinin bəlli olması ilə bağlı SMS daxil oldu. Beləliklə, mən universiteti rahatlıqla dəyişdim”. Yaradılan şəraitdən çox məmnun qaldığını deyən Ə.Hacılı bu imkanı tələbələrə yaratdığına görə Təhsil Nazirliyinə minnətdarlığını bildirib.

 

“Portala daxil oldum və rahatlıqla AMİU-ya köçürüldüm

 

Türkiyənin Orta Doğu Texniki Universitetindən Azərbaycan Memarlıq və İnşaat Universitetinə köçürülən Təbriz Nağıyev də portal vasitəsilə köçürülmənin həm asan, həm də maneəsiz olduğunu deyir: “ Maddi vəziyyətim imkan vermədi ki, təhsilimi Türkiyədə davam etdirim. Yüksək təhsil haqqı, orada yaşamaq üçün lazım olan məbləği çatdırmadığım üçün universiteti ölkəmizdəki təhsil ocağı ilə dəyişmək qərarına gəldim. Açığı, belə bir portalın istifadədə olduğundan xəbərim yox idi. Ona görə də Təhsil Nazirliyinə müraciət etdim. Nazirlikdən mənə bildirdilər ki, köçürülmə ilə bağlı heç bir yerə getmək ehtiyac deyil, proses portal vasitəsilə həyata keçirilir. Elə də etdim. Portala daxil oldum və rahatlıqla AMİU-ya köçürüldüm”.  Təbriz Nağıyev Təhsil Nazirliyinin həyata keçirdiyi bu kimi islahatlardan məmun olduğunu, tələbələrə yaradılan şəraitdən razı qaldığını deyir.

 

“Köçürülmənin bu qədər asan və rahat şəkildə olacağını təsəvvür etmirdim”

 

Övladı Sumqayıt Dövlət Universitetindən Lənkəran Dövlət Universitetinə köçürülən Kamil Qafarov köçürülmənin bu qədər rahat və asan şəkildə olacağını heç təsəvvür belə etmədiyini deyir. “Övladım Güldanə Qafarovanın uşaqlıqdan arzusu kimya-biologiya müəllimi olmaq idi. Elə bu məqsədlə də ali məktəblərə qəbul seçimində SDU-nun kimya fakültəsini seçmişdi. Lakin universitetə daxil olandan sonra məlum oldu ki, övladım bu fakültəni bitirsə də kimyaçı ola bilər. Müəllim işləyə bilməz. Müəllim işləməsi üçün kimya müəllimliyi fakültəsini seçməli imiş. Açığı, bu vəziyyət həm qızımı, həm də məni çox məyus etmişdir. Axı qızımın arzusu müəllim olmaq idi. Dadımıza portal çatdı. Öyrənəndə ki, bu portal vasitəsilə qızım ixtisasını dəyişə bilər, çox sevindik. Düzünü deyim ki, köçürülmənin bu qədər asan və rahat şəkildə olacağını təsəvvür etmirdim. Artıq qızım həvəslə dərslərinə davam edir. Bu, bir valideyn kimi məni çox sevindirir”.

 

“Gənclərimiz bu portal vasitəsilə arzularına çatacaq”

 

Transfer.edu.az portalından istifadə edərək Lənkəran Dövlət Universitetindən Azərbaycan Dövlət Aqrar Universitetinə köçürülən Tural Qəhrəmanov da proseslə bağlı fikirlərini bizimlə bölüşüb. O, portalın fəaliyyətindən çox razı qaldığını deyir: “Portaldan çox razıyam. Rahat və asan şəkildə universiteti dəyişdim. Əminliklə deyə bilərəm ki, gənclərimiz bu portal vasitəsilə arzularına çatacaq. İstədikləri universitetdə təhsil ala biləcəklər”. Tələbələrə yaradılan bu şəraitdən məmnun olduğunu deyən Tural Təhsil Nazirliyinə təşəkkür  etdiyini, bu kimi islahatları dəstəklədiyini bildirib.

 

Niyazi RƏHİMOV