İlham Əliyev: "Biz növbəti böyük uğura imza atdıq"


Məlum olduğu kimi, ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasındakı seçkilər zamanı Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Azərbaycan Prezidenti İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edərkən, bu hadisəni növbəti böyük qələbə adlandırıb. "Bir neçə gün bundan əvvəl Vaşinqtonda keçirilmiş Beynəlxalq Astronavtika Konqresində növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib. Bu, çox böyük hadisədir, bizim böyük qələbəmizdir və bu münasibətlə sizi təbrik etmək istəyirəm. Bilirəm ki, “Azərkosmos” və digər dövlət qurumları bu Konqresin Azərbaycanda keçirilməsi üçün böyük səylər göstəriblər",-deyə dövlət başçısı bildirib.


Azərbaycan Prezidenti vurğulayıb ki, Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir: "Bu tədbirin əhəmiyyətini sübut edən məqamlardan biri də odur ki, Konqresin işində Amerikanın vitse-prezidenti cənab Pens iştirak edib. Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi,  əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir. Yadımdadır, bu ilin iyul ayında Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Azərbaycanda səfərdə idi. Mən onu qəbul etmişdim və ona öz niyyətimizi bildirmişdim ki, biz çox istəyirik, növbəti Konqres Bakıda keçirilsin. Çünki biz hesab edirik ki, bu, ədalətli olar. Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar, doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir".


Dövlət başçısı qeyd edib ki, bu qələbə bir daha ona görə önəmlidir ki, bizim çox güclü rəqiblərimiz var idi: "Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri. Yəni, həm təcrübə, həm də əhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədə qələbə əldə etməyimiz, əlbəttə ki, bizim nüfuzumuzdan xəbər verir. Beynəlxalq astronavtika aləmi bu dörd şəhərdən məhz Bakını seçib. Bizə inanırlar, bizim siyasətimizə böyük dəstək göstərilir".


Prezident bildirib ki, Azərbaycanda gedən proseslərə dünya miqyasında böyük rəğbət var: "Təkcə bu ayın ərzində həm Türk Şurasına, eyni zamanda, dünyanın BMT-dən sonra ən böyük təşkilatına – Qoşulmama Hərəkatına sədrliyimiz bunun əyani sübutudur. Azərbaycanla birlikdə 120 ölkə yekdil qərarla Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçib və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi növbəti böyük qələbəmizdir. Mən bu hadisəni çox önəmli siyasi qələbə kimi qəbul edirəm. İctimaiyyətin diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. Bu da odur ki, 1973-cü ildə Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında keçirilib. Cəmi bir dəfə, o da Bakı şəhərində. O vaxt ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərib ki, Sovet İttifaqında bu Konqres məhz Bakıda keçirilsin. Hesab edirəm ki, 2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt biz müstəqil deyildik, ancaq Sovet İttifaqında məhz Bakı Astronavtika Konqresinin məkanı kimi seçilib. Bu gün isə biz müstəqilik və müstəqil Azərbaycan bu böyük tədbirə ev sahibliyi edəcək".


Prezident İlham Əliyev bildirib ki, növbəti 2-3 il ərzində Konqresin keçirilməsi üçün böyük təşkilati işlər aparılmalıdır: "Biz təqribən 6-7 min xarici qonaq gözləyirik. Bu qonaqlar dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərləridir, nümayəndələridir. Ona görə vaxt gələndə Konqresin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılacaq və əlbəttə ki, əsas hazırlıq işlərini “Azərkosmos” öz üzərinə götürəcək. Beləliklə, biz növbəti böyük uğura imza atdıq".


Qeyd edək ki, dünyanın 68 ölkəsini təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Bu Konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6 mindən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır.

 

Oruc MUSTAFAYEV