Akademik Zərifə Əliyeva adına liseyin 2 şagirdi “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin qalibi olub


Bu günlərdə  “Baku Crystall Hall”un Media Mərkəzində “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin müsabiqəsinə yekun vurulub və qaliblərin  mükafatlandırılması mərasimi keçirilib.Müsabiqəni  Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurası təşkil edib. MDB-yə üzv dövlətlərdən 30-dan çox gəncin elm, texnika və digər sahələr üzrə layihələri bu müsabiqədə nümayiş etdirilib. Sərgi-müsabiqənin məqsədi MDB-yə üzv ölkələrin gənclərinin sosial-iqtisadi əhəmiyyətli innovativ fəaliyyətlərinin dəstəklənməsi, elmi-texniki yaradıcılığa sövq edilməsi və gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsi idi. Müxtəlif nominasiyalar üzrə elan olunan qaliblər sırasında  Azərbaycanı təmsil edən iki  gəncimiz - Ələsgər Tarverdiyev və Cəmilə Əlizadə  də olub. Həmin gənclərlə görüşüb bu müsabiqənin onlara yaşatdığı   həyəcanlı və sevincli anları bizimlə də bölüşməyi xahiş etdik.

 

“Qalib kimi yaşadığım hissləri təsvir etmək çətindir”

 

Ələsgər  Tarverdiyev: Akademik  Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi:  Mən 2003-cü ildə Bakı şəhərində anadan olsam da  12 il Ukraynanın Xarkov şəhərində yaşamışam. Xarkovda yaşadığım müddətdə “Kenquru”, “Soneçko”, “Zolotıy leleka” və s. müsabiqələrdə yer tutmuşam. 2016-cı ildə Azərbaycana qayıtmışam. 7-ci və 8-ci sinifləri  Bakıdakı 139 nömrəli tam orta məktəbdə  oxumuşam, sonra isə 2018-ci ildə orta təhsilimi  imtahan verməklə  akademik Zərifə Əliyeva adına liseydə davam etdirməyə başlamışam.

 

“MDB üçün 100 ideya” layihəsindən  öncə də biz   bu il  “Avrasiya patent universiadası” musabiqəsinə  komanda yoldaşımla  Cəmilə Əlizadə ilə  qatılmışdıq. 7 ölkə nümayəndəsinin iştirak etdiyi müsabiqədə biz  qalib gəldik, baxmayaraq ki, ölkəmiz bu layihədə birinci dəfə iştirak edirdi. Mənim üçün düşərli olan bu il  Neft və Kimya Prosesləri İnstitutunun   keçirdiyi  “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinə də qatıldım və  III yeri tutdum. Bu layihəmizin adı isə “Su anbarlarının  suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” idi.  Elmi rəhbərimizsə  biologiya müəllimimiz Natalya Qurbanova idi. O və  sinif rəhbərimiz  İradə  Səmədova həmişə bizə dəstək olublar, biz isə onların ümidlərini  həvəslə doğrultmuşuq.

 

“MDB üçün 100 ideya” müsabiqəsi  isə  14-15 noyabr tarixlərində keçirildi. Biz  öz layihəmizi təqdim etmək üçün  “Kristal Hall”a getdik. Həmin gün hər ikimizi başqa ölkələrin nümayəndələri və onların layihələri ilə tanış etdilər. Qeyd edim ki, müsabiqəyə qatılanlar arasında məktəbli yaşında olanlar ancaq Azərbaycan təmsilçiləri idilər, yəni mən və  Cəmilə Əlizadə.  Digər ölkələrin nümayəndələri isə  aspirantlar, dosentlər, elmlər namizədləri, şirkət sahibləri idilər. Gənclər və idman naziri Azad Rəhimov da  layihəmizlə tanış oldu və  bizə uğurlar  dilədi. Ertəsi gün bütün iştirakçılar öz projelərini münsiflər heyətinə təqdim etdilər.  Sonra  təntənəli tədbir keçirildi. Tədbirdə tanınmış şəxsiyyətlər və  hökumət  nümayəndələri  iştirak edirdilər  və  müsabiqə barədə  öz fikirlərini bizimlə  bölüşdülər. Mükafatlandırma  mərasimi zamanı olduqca həyəcanlı idim. Qalib kimi  yaşadığım hissləri təsvir etmək mümkün deyil.  “Rusiya Gənclər və Uşaq Assosiasiyaları Milli Şurası” İctimai Birliyin sədri Qriqori Valeryeviç Petuşkov  qalib  diplomlarını  bizə  təqdim etdi. Sevincimizin hədd-hüdudu yox idi...

 

“Bu qələbə tək bizim deyil”

 

Cəmilə Əlizadə:  23 aprel 2004-cü ildə Bakıda ziyalı ailəsində anadan olmuşam. Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdiyəm. Gələcəkdə həkim olmaq arzusundayam. Xaraktercə  sakit və təmkinliyəm. Çoxlu rəfiqəm var. Texniki və təbiət elmlərini  çox sevirəm. Araşdırmaya, tədqiqata meyilliyəm. Liseydə “Kiçik Akademiya” fəaliyyət göstərir. Burada layihə əsaslı təhsilə böyük önəm verilir. Biz tez-tez öz layihələrimizlə  mötəbər yarışlara  qatılır və qalib oluruq. Artıq biz buna, necə deyərlər, adət  etmişik. Bu il “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsində Ələsgər  Tarverdiyevlə birlikdə iştirak etdik və qalib də olduq.  Elmi rəhbərimiz  liseyin biologiya müəllimi Natalya Qurbanova   idi. Layihənin mövzusu aktualdır. Məlumdur ki, yer kürəsində içməli suyun çatışmazlığı ən böyük problemlərdən biridir. Layihənin əsas məqsədi su anbarlarının istismar dövrünün artırılmasıdır. Bunun üçünsə əsas məsələ  hələ su anbarına daxil olmamış suyun çöküntülərdən, toksik maddələrdən fitoekstraksiya yolu ilə təmizlənməsidir. Layihəmiz qalib olduğuna görə çox xoşbəxtik, çox sevinirik. Bu, bizim üçün gözlənilməz oldu. Biz çox qürur hissi duyuruq ki, “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin müsabiqəsində də  qalib olduq. Bu  qələbə tək bizim  deyil, bütün Azərbaycanın uğurudur. Müsabiqədə MDB-yə üzv dövlətlərdən 30-dan çox elm, texnika və digər sahələr üzrə layihələr  nümayiş etdirildi. Təəccüblü olsa da  biz bu müsabiqədə iştirak edən insanların arasında ən kiçik yaş qrupuna aid idik, başqa dövlətlərin nümayəndələri arasında hətta elmi dərəcələri olanlar da var idi. Amma nə olsun? Qalib ki, biz olduq! Qalib Azərbaycan oldu. Bunun  bizə yaşatdığı sevinc hisslərinin misli  olarmı? Biz doğma vətənimiz Azərbaycanımızla fəxr edirik və  qürur duyuruq!

 

Gələcəkdə isə öz elmi fəaliyyətimizi ətraf mühitin mühafizəsi istiqamətində davam etdirməkdə  israrlıyıq. Vətənimizə, xalqımıza  bunu ən layiqli xidmət sayırıq.

 

Sifai  SƏFƏROVA