Xalıq Yahudov: “Gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir”


Mayın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş, tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı öz işinə başlayıb.

 

Əvvəlcə tədbir iştirakçıları ulu öndərin universitetdəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

 

Konfransda ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

 

Tədbirdə AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə gənclərə qayğının dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu deyən rektor əvəzi ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin hərtərəfli inkişafına, o cümlədən təhsilinə diqqət və qayğısını xüsusi vurğulayıb. Professor Xalıq Yahudov bildirilib ki, əsasını ulu öndərin  qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rektor əvəzi qeyd edib ki, son illər aparılan islahatlar gənclərin hərtərəfli inkişafının təmin olunması istiqamətində şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.

 

Konfransın plenar iclasında tələbə və gənc tədqiqatçıların “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Yüksək sürətli frez alətlərinin təhlükəsiz və etibarlı tətbiqinin yeni metodunun işlənməsi” və “Planetar reduktorların axtarışla konstruksiya edilməsi” mövzularında məruzələri dinlənilib.

 

Sonra konfrans işini “Avtomatika və kompüter texnikası”, “Nəqliyyat”, “Elektrotexnika və energetika”, “Metallurgiya”, “Maşınqayırma”, “Radiotexnika və rabitə”, “Mühəndis biznesi və menecment”, “Xüsusi texnika və texnologiya”, “Təbiət və fundamental elmlər”, “Humanitar elmlər” və “Dillər” bölmələri üzrə davam etdirib.

 

Ümumilikdə respublikanın 44 müxtəlif müəssisəsinin cəlb olunduğu konfransa 828 məruzə tezisi daxil olub. Bunlardan 627-si  AzTU əməkdaşları tərəfindən, 144-ü  isə kənar müəssisələr tərəfindən təqdim olunanlardır.

Tələbə və gənc tədqiqatçıların respublika elmi-texniki konfransı mayın 5-də başa çatacaq.