Bakı Slavyan Universitetində (BSU) “Tiflisdən Payneyə” sənədli filminin nümayişi olub.

 

Film XIX əsr Azərbaycan ədəbiyyatında maarifçiliyin nümayəndəsi olan Mirzə Şəfi Vazehin 225 illik yubileyinə və alman şairi Fridrix fon Bodenştedtin 200 illik yubileyinə həsr edilib.

 

Filmin nümayişindən əvvəl BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov belə bir sənət əsərinin yaradılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, sənədli film M.Ş.Vazehin və F.Bodenştedtin həyatı, yaradıcılığı, eləcə də  onlar arasındakı dostluq münasibətlərindən bəhs edir.

 

Sənədli filmin ideya müəllifi Alman-Azərbaycan Cəmiyyətinin sədri, BSU-nun Azərbaycan mültikulturalizmi və ölkəşünaslıq kafedrasının professoru Çingiz Abdullayev filmin ərsəyə gəlməsi və mövzusu  barədə məlumat verib, ekran əsərinin yaranma tarixindən danışıb. O, filmin çəkilişlərinin ARB Aran Yaradıcılıq Mərkəzi ilə birgə Bakı, Gəncə, Tiflis və Payne şəhərlərində aparıldığını deyib,  çəkiliş zamanı yadda qalan məqamları iştirakçılarla bölüşüb.

 

Filmin nümayişindən sonra çıxış edən BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova ekran əsərini gənclərin maarifləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib, filmin çəkilişində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.