193 saylı tam orta məktəbdə Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcək Naminə” vətəndaş cəmiyyətininin inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış “Milli kəlağayı sənətinin gənclər arasında təbliği” layihəsinin son təlimi və inşa müsabiqəsi keçirilib.

 

Layihənin təlimçisi Vüsal Ömərov məqsədin yeniyetmə və gənclərimizi xalçalarımızın və kəlağayılarımızın tarixi, bu günü haqqında maarifləndirməkdən, onların bu istiqamətdə fikir və biliklərinin daha da möhkəmlənməsi üçün rəsm və inşa müsabiqələri təşkil etməkdən ibarət olduğunu deyib.

 

V.Ömərovun sözlərinə görə,  kəlağayı örtmə ilə əlaqədar xalqımızın öz qayda-qanunları olub, belə ki, gəlinlər ağ, gənc qızlar soğanı, ortayaşlı qadınlar zoğalı və innabı, ahıl və ağbirçəklər üçün isə tündrəngli kəlağayılar münasib sayılıb. Yas mərasimlərində isə yaşından asılı olmayaraq, bütün qadınlar qara kəlağayı örtüblər. Təlimçi kəlağayıya el-oba arasında rəğbət bəslənməsinin səbəblərindən biri kimi  onun çətin zəhmətlə ortaya qoyulmasını göstərib.

 

“Kəlağayının hazırlanması bir neçə mərhələdən keçməklə uzun zaman tələb edir. Birinci mərhələ kəlağayının sapının istehsalıdır. Çox nazik ipək sap tələb olunur. Bir qram nazik sap 10-12 baramadan alınır. Əvvəlcə kəlağayılıq məhsul dəzgahda toxunur, daha sonra qayçı ilə 150-160 sm ölçüdə doğranır. Soda qatılmış suda 20-30 dəqiqə qaynadılır. Kəlağayını 2-3 dəfə soyuq suda yaxalayır, yüngülcə sıxır, asaraq qurudurlar. Qurutduqdan sonra naxışlama işi başlanır”-deyən V.Ömərov şagirdləri maraqlandıran sualları da  cavablandırıb.

 

Sonda layihə çərçivəsində keçirilən inşa müsabiqəsində fərglənən şagirdlər sertifikatlar və kəlağayılarla mükafatlandırılıb.