Təhsil Nazirliyi ilə UNİCEF-in birgə əməkdaşlığı çərçivəsində 2015-2016-cı tədris ilindən ölkəmizdə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. Layihə hazırda Bakı şəhərində yerləşən 220 nömrəli məktəb-lisey, 138, 252 və 202 nömrəli tam orta məktəblərdə icra olunur. Ümumilikdə 66 sağlamlıq imkanları məhdud şəxs inklüziv təhsilə cəlb olunub.

 

Ölkəmizdə inklüziv təhsillə bağlı Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi də həyata keçirilir. Layihə Bakı, Şəki, Ağcabədi, Quba, Şamaxı və Cəlilabad bölgələrini əhatə edir.

 

Həmçinin UNİCEF tərəfindən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv keyfiyyətli təhsilin genişləndirilməsi” layihəsi icra olunur. Layihə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi əsasında Təhsil Nazirliyi ilə əməkdaşlıq şəklində həyata keçirilir. Layihənin məqsədi əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində keyfiyyətli inklüziv təhsil alması üçün əlverişli mühitin yaradılması, o cümlədən kadr hazırlığı və əlilliyi olan uşaqların inklüziv təhsilə cəlb olunması üçün cəmiyyətdə müsbət münasibətlərin dəstəklənməsidir. Layihə Bakı, Sumqayıt, Quba, Şəki, Ağcabədi, Gəncə və Qazaxda icra edilir.