Dekabrın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarının tələbələri Uilyam Şekspirin “Otello” pyesinin motivləri əsasında hazırladıqları “Otello əfsanəsi” tamaşasını təqdim ediblər.

 

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş edilən tamaşanı Təhsil naziri Ceyhun Bayramov, ADMİU-nun rektoru Ceyran Mahmudova və müxtəlif ali təhsil müəssisələrinin rektorları izləyiblər.

 

Mistik ballada janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada SABAH qruplarında IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış ediblər.

 

Qeyd edək ki, ADMİU-nun SABAH qrupları Uilyam Şekspirin “Otello” pyesinin motivləri əsasında hazırlanmış “Otello əfsanəsi” tamaşası ilə bu yaxınlarda Rusiyada keçirilən Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun 39-cu Beynəlxalq Tələbə Festivalında iştirak edib. Bolqarıstan, Polşa, Slovakiya, Rusiya Dövlət Teatr Sənəti İnstitutu, S.Gerasimov adına ÜDKİ, Moskva Bədaye Teatrının məktəb-studiyası, Şukin və Şepkin məktəblərinin tələbələrinin sırasında ADMİU-nun SABAH qrupları da öz yerini alıb. Tələbələr festivalda “Dünya klassikasının milli fonda bənzərsiz şərhi” və ”Klassik dünya ədəbiyyatı motivləri əsasında çevik səhnə təcəssümü” diplomları ilə təltif olunub.

 

“Otello əfsanəsi” tamaşası, həmçinin 2019-cu ilin martında Rusiya Teatr Sənəti İnstitutunda keçirilən “QİTİS – ustad dərsi” festivalında “Ən orijinal tamaşa” seçilib. Otello rolunun ifaçısı, SABAH qrupunun tələbəsi Ziya Ağayev isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə mükafata layiq görülüb.