Ənənəvi olaraq hər il aprel ayında Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) abituriyentlər üçün “Açıq qapı” günü keçirilir. 1, 2 və 5-ci qrupa daxil olmaq istəyən Bakı məktəbliləri universitet, professor-müəllim heyəti, fakültələr, ixtisaslar, laboratoriya və auditoriyalarla tanış olmaq üçün AzMİU-ya dəvət olunur, rəhbərlik həftənin bir gününü gələcək tələbələrinə həsr edir. Onlar üçün tanışlıq səfərindən tutmuş konsert proqramına, hətta çay süfrəsinə qədər təşkil edir.

 

Bu il də AzMİU həftə sonu abituriyentlər üçün “Açıq qapı” günü keçirdi. Universitetin qəbul komissiyası, Mətbuat və informasiya şöbəsi, dekanlıqlar, Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) ilə Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyədə təşkil olunmuş tədbirdə hər məsələnin ən xırda detala qədər ölçülüb-biçildiyi aşkar duyulurdu. Məktəblilərin, onların valideynlərinin, müəllimlərinin  dəstə-dəstə universitetə axışması bu işdə yüksək təşkilatçılığın rol oynadığından xəbər verirdi. Eyni zamanda, gələn qonaqların AzMİU-nun ictimai təşkilatlarının fəalları tərəfindən gülərüzlə qarşılanması, onların hər cür diqqət və qayğı ilə əhatə olunması da diqqətimdən qaçmadı.

 

Mərasim başlamazdan əvvəl öyrəndim ki, tədbir açıq havada keçiriləcək. Ağıllı, düşünülmüş qərar idi. Saf, təravətli və ilıq yaz havasında yaşıllıq və gül-çiçəklə əhatələnmiş universitetin geniş, tər-təmiz həyəti - bundan ideal məkan təsəvvür etmək olmur.

 

Tədbir başlayır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova abituriyentləri, valideynləri, müəllimləri salamlayır, imtahanlarda abituriyentlərə uğurlar diləyib, düzgün seçim etmələrini arzulayır. Gülçöhrə xanım bu gün ölkəmizdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini, inşaat sektorunda böyük canlanmanı nümunə gətirərək AzMİU-nun ixtisaslarının həmişə aktual olduğunu, hazırladıqları kadrlara hər yerdə ehtiyac duyulduğunu xüsusi vurğulayır. O, çıxışında AzMİU-nun tarixindən, fakültə və ixtisaslarından, universitetdə tələbələr üçün yaradılan şəraitdən, bir sözlə, yaxşı nə varsa, hamısından danışır.  Fəxrlə qeyd edir ki, rəhbərlik etdiyi universitet bu günə qədər 50 mindən artıq ali təhsilli kadr hazırlayıb, Azərbaycanda müxtəlif dövlət və ali idarəetmə strukturlarına rəhbərlik edənlər arasında universitetin məzunları çoxluq təşkil edir. Rektor onu da bildirir ki, hazırda AzMİU-da 8 fakültədə 7000-ə yaxın tələbə təhsil alır, onlardan 700-ü xarici ölkə vətəndaşıdır, tədris 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. O, fakültələr, universitetin beynəlxalq əlaqələri barədə də geniş məlumat verir. Gülçöhrə Məmmədovanın verdiyi məlumata görə, AzMİU bu və ya digər proqramlar çərçivəsində 80-dək xarici ölkə universitetləri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq ikili diplom proqramı, əməkdaşlıq müqavilələri, birgə mübadilə proqramları və digər beynəlxalq layihələr əsasında həyata keçirilir. Eyni zamanda AzMİU 2012-ci ildən Erasmus-Mundus layihələrinə, 2013-cü ildən isə Türkiyə Respublikasının Mövlanə Mübadilə Proqramına qoşulub, bu layihələr çərçivəsində 100-dən çox tələbə və müəllim mübadilə proqramlarında iştirak edib.

 

Rektordan sonra söz AzMİU-nun “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasının müdiri Sahib Fərzəliyevə verilir. Sahib müəllim də universitetdə tədris olunan ixtisasların öz aktuallığını heç vaxt itirmədiyini, professor-müəllim heyətinin elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə zamanın və dövrün tələblərinə uyğun mütəxəssislər yetişdirmək üçün daim axtarışda olduğunu qonaqların diqqətinə çatdırır.

 

Universitetə yüksək balla daxil olan inşaat-texnologiya fakültəsinin tələbəsi Fidan Məmmədzadə, mexanika və informasiya texnologiya fakültəsinin tələbəsi Əmrah İsmayıllı isə yaradılan şəffaf mühitdən, obyektivlikdən, imtahanlarda neqativ hallara yol verilmədiyindən danışır. Onlar oxuduqları ali təhsil ocağında tələbə-müəllim münasibətlərinin səmimiliyindən də razılıq edirlər, bu universitetdə oxuduqlarından qürur duyduqlarını, AzMİU-nu seçməkdə yanılmadıqlarını bildirirlər.

 

Rəsmi hissə bitir, abituriyentlər üçün daha maraqlı olan mərhələ başlayır - universitetlə, fakültələrlə yaxından tanışlıq. AzMİU-nun həmkarlar və gənclər təşkilatlarının fəal üzvlərinin müşayiəti ilə abituriyentlər və onların valideynləri AzMİU ilə yaxından tanış olurlar.

 

Seçəcəkləri fakültə, auditoriyalar, müəllimlər, laboratoriyalar onlar üçün maraqlıdır və bu maraq onların hər addımında hiss olunur. Xüsusi canfəşanlıqla bir-bir geniş və işıqlı otaqları gəzir, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda hər şeylə maraqlanırlar. Abituriyentlərdə universitetin kitabxanası və muzeyə olan marağı da gördüm. Xüsusilə tələbə və müəllimlərin əl işlərindən ibarət olan Sərgi salonu onların çox xoşuna gəldi, sərgilənən rəsmlərə maraqla baxdılar, çox bəyənib yanında şəkil çəkdirdikləri də oldu.

 

Görüşün sonunda universitetin qonaqlar üçün təşkil etdiyi çay süfrəsinin arxasında müəllim və tələbə heyəti ilə səmimi söhbətlər edən abituriyentlərin, valideyn və müəllimlərin təəssüratlarını dinlədim. Məlum oldu ki, abituriyentlər görüşdən razı qalıblar, səmimi və isti münasibət onların çox xoşuna gəlib. Təbii ki, universitet də, auditoriyalar, müasir laboratoriyalar da.

 

Nəcibə MİRZƏYEVA,

Mətbuat və informasiya şöbəsinin müdiri