Ölkədə alüminium sənayesində yeni emal texnologiyalarının tətbiqi ilə bağlı tədqiqatlar aparılır


Mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyası "Azərbaycan Sənaye Korporasiyası" ASC ("ASK" ASC) ilə birgə ölkəmizdə alüminium sənayesinin inkişaf etdirilməsi, bu sahədə istehsalın artırılması məqsədilə kompleks sənaye emalının təşkili və yeni texnologiyaların tətbiqinə dair müşavirə keçirib.

 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri açaraq ölkəmizdə alüminium sənayesinin tarixi və hazırki vəziyyəti haqqında qısa məlumat verib. O, Strateji Yol Xəritəsinin prioritet istiqamətlərindən olan alunit emalının inkişaf etdirilməsi məqsədilə əlaqədar qurumlarla əməkdaşlığın vacibliyini vurğulayıb, müşavirənin bu baxımdan mühüm əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb. Akademik alüminium sənayesinin inkişaf etdirilməsi, istehsalının artırılması və alüminium kompleks sənaye emalının təşkili ilə bağlı bu günədək görülən işləri yüksək dəyərləndirib, gələcəkdə də səmərəli nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

 

Tədbirdə çıxış edən "ASK" ASC-nin baş direktoru Kamran Nəbizadə rəhbərlik etdiyi təşkilatın ölkə Prezidenti İlham Əliyevin 6 noyabr 2017-ci il tarixli Fərmanı ilə yaradıldığını xatırladıb. Bildirib ki,  qurumun təsisində məqsəd dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, eləcə də dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin qurulmasına nail olmaqdır. K.Nəbizadə "ASK" ASC tərəfindən alüminium kompleks sənaye emalının təşkili istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

 

Sonra AMEA "Yüksək Texnologiyalar Parkı”nın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev "Azərbaycanda alüminium sənayesinin icmalı" adlı təqdimat edib.  Direktor bildirib ki, hazırda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda ekoloji normalara cavab verən iqtisadi səmərəli üsulun müəyyənləşdirilməsi məqsədi ilə alunit filizinin müxtəlif üsullarla emalı üzrə tədqiqatlar aparılır. Bu istiqamətdə artıq laborator nəticələrin əldə olunduğunu deyən natiq onların sənaye üsulu ilə yoxlanılması istiqamətində işlər aparıldığını diqqətə çatdırıb.

 

Müşavirədə AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Çingiz Qaşqay "Alunit filizindən tərkib komponentləri ayıran email texnologiyası", texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Telman İsrafilov "Zəydaşı filizinin qatı Na2O qələvisi məhlulu ilə işlənilməsi üsulu" və texnika üzrə fəlsəfə doktoru, dosent Eldar Tağıyev "Alunit filizinin potaş-qələvi üsulu ilə emal edilməsi" mövzusunda təqdimatlar ediblər.

 

Sonra çıxışlarla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.