Avstriyanın Vyana şəhərində Frans Şubert adına Konservatoriyanın, həmçinin Çin, Koreya, Almaniya, Fransa, Serbiya, Türkiyə, Avstriya və digər ölkələrin tələbələrinin 2020-ci ilin gəlişi münasibətilə möhtəşəm  konserti  keçirilib. Konsertdə ölkəmizi təmsil edən Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə məzunu, Avstriyanın F. Şubert adına Vyana Konservatoriyasında təhsil alan ilk azərbaycanlı tələbə, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli məharətli  çıxışları ilə iştirakçılarda xoş ovqat yaradıb.

   

Konsertdə klassik Avstriya bəstəkarları olan Şubert, Brams, Bax, Motsart, Haydın və Bethovenin əsərləri simli, nəfəsli alətlərdə, kvartet və xor qrupunun ifasında səsləndirilib.

  

F.Şubert adına Konservatoriyanın rektoru Daniela Eqq, professor Lefteris Qriqoriadis və digərləri Ayan Məmmədlinin ifasını bəyənərək bildiriblər ki, I kurs tələbəsi olmasına baxmayaraq, Ayan son dərəcə professional bir ifa təqdim edib. “Bu da onun mükəmməl baza biliyinə malik olmasının bariz göstəricisidir”, - deyə Daniela Eqq vurğulayıb.

 

Sifai SƏFƏROVA