Xocalı faciəsinin 28-ci ildönümü müxtəlif ali məktəblərdə, elmi müəssisələrdə qeyd olunub


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  ali məktəbin Yaradıcılıq Mərkəzinin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı səhnələşdirdiyi “Arzu və Murad” tamaşası Gənc Tamaşaçılar Teatrında nümayiş olunub.

 

UNEC-in yaradıcı və istedadlı tələbələrinin rol aldığı tamaşanın premyerasında UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Tamaşada Xocalı faciəsinin 2 gəncin həyatına vurduğu ağır mənəvi zərbələrdən, yaşatdığı acılardan bəhs olunub. Gərgin dram və faciənin yaşandığı tamaşa izləyənlərə duyğulu anlar yaşadıb.

...

 

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda  keçirilən tədbirdə institutun direktoru Nazim Məmmədov  bildirib ki, gənclərin ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri unutmamaları üçün hər il belə tədbirlərin keçirilməsi vacib və əhəmiyyətlidir.

          

İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov  7 min əhalisi olan Xocalıda genosid nəticəsində ölən və yaralananların statistikasını xatırladıb, ermənilərin dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan, patronlardan istifadə etdiklərini bildirib. 

   

Daha sonra Xocalı soyqırımının qurbanlarına həsr olunan film nümayiş etdirilib. 

 

 ...

 

Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar kitab sərgisi təşkil  edilib. Tələbə və müəllimlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tarixi faktlara söykənən Azərbaycan, türk, ingilis və rus dillərində  nəşr edilən kitablarla tanış olub, sərgiyə baxıblar.

 

50-yə yaxın rəsm əsərinin nümayiş olunduğu sərgidə universitetin rektoru Elbrus İsayev bildirib ki, bu cür sərgilərin keçirilməsi tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasında xüsusi əhəmiyyət daşıyır. Qeyd edilib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən yeganə soyqırım olmayıb, bundan əvvəl də xalqımız oxşar  fəlakətlərlə üzləşib. 

 

Sonra tələbə teatr studiyasının Xocalı soyqırımı ilə bağlı “Ərəfə” adlı kompozisiyası nümayiş olunub. Həmçinin,  tələbələr üçün faciənin dəhşətlərini özündə əks etdirən “Xoca” filmi təqdim edilib.    

...

 

Bakı Slavyan Universitetindəki “Xocalı soyqırımı-əsrin faciəsi” adlı  tədbirdə əvvəlcə  Xocalı faciəsinə həsr olunan sərgiyə baxış keçirilib.

 

“...28 il bundan öncə ermənilər xalqımıza qarşı xüsusi qəddarlıq və böyük amansızlıqla Xocalı qətliamını törətdilər. Xain, məkrli və namərd qonşularımız olan ermənilər iki əsrdən çoxdur ki, xalqımıza qarşı soyqırım və deportasiya siyasəti aparır. Xocalı soyqırımı bu mənfur və məkrli siyasətin ən qanlı, ən faciəli səhifələrindən biridir. Xocalıda dinc mülki əhali, o cümlədən körpələr, qadınlar, qocalar xüsusi vəhşiliklə qətlə yetirildi. Xocalı soyıqırımı xalqımıza qarşı törədilmiş böyük hərbi cinayətdir”-deyən universitetin rektoru  Nurlana Əliyeva 

 

Azərbaycan həqiqətlərinin beynəlxalq tribunalarda dəfələrlə səsləndirilməsini, dövlət başçısının Dağlıq Qarabağa dair apardığı uğurlu xarici siyasəti xatırladıb.

 

Tədbirdə Xocalı faciəsinin şahidi,  Xocalı hava limanının əməkdaşı olmuş Nazim Hüseynov “Bir gecənin faciəsi” adlı çıxış-məruzəsində  şahidi olduğu qanlı hadisələrdən ürəkağrısı ilə danışıb.

 

Sonra Heydər Əliyev Fondunun sifarişi ilə ingilis dilində çəkilən “Xocalı qətliamı” filmi nümayiş etdirilib.

...

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunan, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnaməfilm” studiyasının çəkdiyi “Qəhrəmanlıq zirvəsi” sənədli filminin nümayişi olub.

         

Filmin nümayişindən sonra AzMİU-nun ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyev, qəhrəmanın bacısı Naibə Behbudova, filmin rejissoru Kəmalə Musazadə, qəhrəmana həsr olunan  “Qürur dastanı” poemasının müəllifi Azər Hacıbəyli, qəhrəmanın döyüş yoldaşı, Bərdə özünümüdafiə batalyonunun komandiri Elbrus Rüstəmov çıxış edərək bu cür filmlərin çəkilməsi və təqdimatların keçirilməsinin vətənpərvərlik hisslərinin  aşılanmasında  böyük  rol oynadığını  söyləyib.

       

Tədbirin sonunda çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova gənclərə Səfiyar kimi qəhrəman oğullardan nümunə götürüb əsl vətənpərvər və vətəndaş kimi yaşamağı, yeganə düşmənimizin ermənilər olduğunu unutmamağı, düşməndən qisas almaq üçün birləşməyi, erməni vəhşiliyini dünyaya çatdırmaq üçün üzərinə düşən vəzifələri yerinə yetirməyi tövsiyə edib.

...

 

AMEA-nın  Şamaxı Astrofizika Rəsədxanasında keçirilən tədbirdə  filologiya üzrə fəlsəfə doktoru Xıdır Mikayılov  Xocalı soyqırımını XX əsrin ən böyük faciələrindən biri adlandırıb və  erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla həyata keçirilən soyqırımın acı statistikasını yada salıb: “Ermənilərin törətdiyi vəhşiliyin nəticəsində 613 nəfər qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 8 ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla 487 nəfər şikəst olub. Bundan başqa, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb”.

 

X. Mikayılov qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib və onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə 26 fevral tarixi "Xocalı soyqırımı və milli matəm günü" kimi qəbul edilib.

 

Tədbirdə bildirilib ki, Xocalı soyqırımının təşkilatçıları və icraçıları gec-tez layiqli cəzalarını alacaqlar.

 

...

 

Bakı Mühəndislik Universitetində (BMU) keçirilən tədbirdə əvvəlcə Xocalı faciəsinin tarixi xronikasını əks etdirən film nümayiş olunub.

       

Filmdən sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib.

      

Rektor ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb. Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün reallıqlarına uyğun davam etdirdiyini vurğulayan H.Məmmədov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində atılan addımlara toxunub.

             

Sonda tələbələrin ifasında “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 ...

 

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğal edilməsindən danışaraq, bu işğalda  azərbaycanlılara qarşı dəhşətli  soyqırım törədildiyini qeyd edib.  Onun sözlərinə görə,  Xocalı faciəsi Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin davamı olmaqla bəşəriyyətə qarşı tarixi cinayətdir.

 

Sonra institutun dosenti Həsənəli Eyvazlı “Xocalı faciəsi xalqımızın unudulmaz qan yaddaşıdır” mövzusunda məruzə ilə çıxış edib.

 

Tədbirdə tələbələrin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunub,  tələbələrin Xocalı soyqırımını özündə əks etdirən rəsm sərgisinə baxış keçirilib.

...

 

Bakı Dövlət Universitetinin Qazax filialında Xocalı soyqrımına həsr olunan tədbirdə filialın direktoru Arif Rüstəmov faciəni  vəhşilik aktı,  bütün bəşəriyyətə qarşı tarixi bir cinayət adlandırıb.

 

Filial müəllimlərindən Mübariz Süleymanov, Ülviyyə Bayramova cinayətin cəzasız qalmayacağını, beynəlxalq təşkilatların bir çoxunun artıq ermənilərin təcavüzkar üzünü yaxşı tanıdıqlarını bildiriblər.

Dil-ədəbiyyat ixtisası  üzrə III kurs tələbəsi Elmir Həsənovun yazdığı “Xocalı fəryadı” şeiri tədbir iştirakçılarında  kövrək hisslər yaşadıb.

 

Tədbirin sonunda tələbələrin ifasında Xocalıya həsr olunan  şeirlər səsləndirilib.

 ...

 

AMEA-nın Naxçıvan Bölməsində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Erməni vandalizminin acı üzü: Xocalı faciəsi” mövzusunda elmi konfrans keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycana qarşı ermənilərin törətdikləri bəşəri cinayətlərdən, eləcə də Xocalı soyqırımından danışıb. Bildirib ki, 1992-ci il  fevralın 25-dən 26-na keçən gecə silahlı təcavüz və etnik təmizləmə siyasətinin bir hissəsi olaraq ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə alıb, dinc əhalini qəddarcasına qətlə yetirib. Qətliam nəticəsində aralarında qadın, uşaq və qoca olan 613 mülki vətəndaş həyatını itirib.

 

Alim vurğulayıb ki, bu gün Azərbaycan dövləti ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirir.

 

Konfransda, həmçinin Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Xocalı faciəsinə gedən yol”, Emin Şıxəliyev “Xocalı faciəsinin törədilməsində erməni terror təşkilatlarının fəaliyyəti” və institutun kiçik elmi işçisi Sevinc Babayeva “Xocalı faciəsi: insanlığa qarşı cinayət” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Tədbir çərçivəsində Xocalı faciəsinin dəhşətlərini əsk etdirən fotoşəkillər slayd vasitəsilə nümayiş etdirilib.

 ...

 

Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım tədbirində əvvəlcə  faciə haqqında statistik məlumat verilib. 

 

Sonra  Xocalı Rayon İcra Hakimiyyətinin Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xəlil Vəliyev və Xocalı sakini Dürdanə Ağayeva soyqırım zamanı yaşanan dəhşətlərdən danışıb.

Daha sonra AzTU Televiziya Studiyasının milli-vətənpərvərlik mövzusunda hazırladığı “Qərar” filmi nümayiş etdirilib.  Film Milli qəhrəmanlarımız Seymur Məmmədov və Rövşən Əliyevə həsr olunub.

 

...

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən tədbirdə  ADNSU-nun rektoru, professor Mustafa  Babanlı, prorektorlar, dekanlar, həmçinin Xocalıdan olan valideynlər və tələbələr iştirak ediblər.

 

Ali məktəbin rektoru M.Babanlı tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən törədilən cinayətlərdən və Xocalı soyqırımının dəhşətlərindən danışıb. Xocalıda dinc sakinlərə qarşı törədilən  dəhşətli soyqırımın bütün dünyada insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirib.

 

 

Daha sonra Xocalı soyqırımının şahidləri başlarına gələn qanlı hadisələrdən, yaxınlarına, ailə üzvlərinə qarşı törədilən dəhşətlərdən söz açaraq, 28 il öncəki acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

      

Tədbir çərçivəsində həyatını  itirənlərin xatirəsinə ehsan süfrəsi verilib.

 

...

 

 

Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

 

Universitetin rektoru Elçin Babayev XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının xalqımıza qarşı törədilən qəddar cinayət olduğunu bildirib.

 

 

 

O, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb: “Xocalı soyqırımından 28 il ötməsinə baxmayaraq faciənin ağrı və acısı hələ də qəlbimizdə yaşayır. Bu hüznlü günlərdə Azərbaycan xalqı erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini ehtiramla yad edir. Prezident İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq aləmdə bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına başlanılması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin, o cümlədən universitet əməkdaşlarının vətəndaşlıq borcudur; hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik”.

 

Xocalı hadisələri əsasında hazırlanan qısametrajlı filmin nümayişindən sonra Mədəniyyət-yaradıcılıq Mərkəzinin təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub.

 

...

 

Lənkəran Dövlət Universitetində (LDU) Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Universitetin bütün fakültələrində ilk dərslər  Xocalı faciəsinə, soyqırım qurbanlarının xatirəsinə həsr edilib.

 

Ali məktəbin kitabxanasında faciənin dəhşətlərini əks etdirən kitab, məcmuə, buklet, qəzet, foto-şəkillərdən ibarət sərgi də təşkil olunub.

 

 

Sonra tədbirin “Xocalı soyqırımı-Unutmadıq! Unutmarıq!” adlı hissəsi  başlayıb. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 28 il öncə baş verən Xocalı soyqırımını Azərbaycan xalqının tarixində qanla yazılmış  səhifə  adlandırıb, qətliam törədənlərin  hələ də layiqli cəzalarını almadığını, intiqam gününün  isə uzaqda olmadığını qeyd edib.

 

Universitetin tarix və onun tədrisi kafedrasının  dosenti  Rakif İbadov “Xocalı faciəsi XX əsrin ən böyük qətliamıdır” mövzusundakı məruzəsində faciəni doğuran səbəbləri həmin dövrdə dünyada və Azərbaycanda baş verən ictimai-siyasi hadisələr fonunda ətraflı təhlil edib, onun ağır nəticələrindən danışıb.

 

Anım tədbiri  Xocalı qətliamına həsr olunan  videofilmin nümayişi ilə yekunlaşıb.