İyunun
25-də Azərbaycan Texniki Universitetində ənənəvi
məzun günü keçirildi. Tədbirdə təhsil nazirinin
müavini Elmar Qasımov, millət vəkili Vahid
Əhmədov və digər qonaqlar iştirak edirdilər.
Öncə iştirakçılar universitetin foyesində
ümummilli lider Heydər Əliyevin xatirəsini
ehtiramla yad edərək büstünün önünə gül
dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru,
professor Havar Məmmədov iştirakçıları
salamlayaraq, məzunları bu əlamətdar gün
münasibətilə təbrik etdi. O, Texniki
Universitetin Azərbaycanın sosial-iqtisadi
həyatında mühüm rol oynadığını və builki
buraxılışın 60-cı yubiley buraxılışı olduğunu
iştirakçıların nəzərinə çatdırdı. Qeyd edildi
ki, bu il universiteti 1459 məzun bitirir.
Onlardan 1101 tələbə əyani, 149-u qiyabi, 126-sı
magistr, 83 nəfəri isə əcnəbi tələbədir.
Məzunlardan 201 nəfəri universiteti fərqlənmə
diplomu ilə başa vurur.
Milli
Məclisin deputatı Vahid Əhmədov təbrik sözündə
müstəqil Azərbaycanımızın dövlətçilik
ənənələrini möhkəmləndirməyi və bu işdə səylə
çalışmağı gənclərə tövsiyə edərək, ulu öndər
Heydər Əliyevin ideyaları əsasında yaradılan və
gündən-günə inkişaf edən respublikamızın
gələcəyinin gənclərin əlində olduğunu bildirdi.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini
Elmar Qasımov məzunları əlamətdar gün
münasibətilə təbrik etdi. O, 1950-ci ildən bu
günə qədər mühəndis kadrların hazırlanmasında
xüsusi rol oynayan Texniki Universitetin
uğurlarından danışaraq bildirdi ki, belə bir
təhsil ocağının məzunu olmaq hər kəs üçün
şərəfdir. E.Qasımov gənclərə təhsillərini davam
etdirməyi tövsiyə edərək bildirdi ki, dövlət
proqramına əsasən gənclərimiz dünyanın müxtəlif
ölkələrində təhsil ala bilər və mən bu imkandan
hər birinizin istifadə etməyinizi məqsədəuyğun
hesab edirəm. Məzunlara gələcək həyatlarında
uğurlar diləyən nazir müavini onlara
universitetlə daim əlaqə saxlamalarını və
gənclərə ümid bəsləyən Azərbaycan cəmiyyətinin
etimadını doğrultmağı arzuladı.
Çıxışlardan sonra məzunların bir qisminə
fərqlənmə diplomları təqdim edildi.
Mərasim konsert proqramı ilə davam etdirildi.
Niyazi RƏHİMOV |