İyunun 25-də Azərbaycan Dövlət Pedaqoji
Universitetində məzun günü qeyd edildi.
Tədbiri giriş sözü ilə ADPU-nun rektoru,
professor Yusif Məmmədov açaraq bildirdi ki,
müstəqil Azərbaycan dövlətinin banisi və
qurucusu, ümummilli liderimiz Heydər Əliyev
müəllim adını, müəllim əməyini hər bir zaman
yüksək qiymətləndirərək demişdir: "Mən yer
üzündə müəllimdən yüksək ad tanımıram". Elə buna
görə də mən sizin hər birinizə məzunu olduğunuz
ADPU-nun adını hər yerdə, hər bir zaman şərəf və
ləyaqətlə doğrultmağınızı arzu və tövsiyə
edirəm.
Natiq qeyd etdi ki, hazırda respublikamızın kənd
rayonlarında pedaqoji kadrlara böyük tələbat
vardır, şübhəsiz ki, universitetin məzunlarının
müxtəlif bölgələrdə müəllim kimi fəaliyyətə
başlamaları bu tələbatın ödənilməsində mühüm rol
oynayacaqdır. Bu il universiteti 10 fakültə
üzrə əyani şöbədə 1220, qiyabi şöbəni isə 8
fakültə üzrə 568 tələbə və universitetin
magistraturasının əyani şöbəsini 10 istiqamət,
37 ixtisas üzrə 140, qiyabi şöbəsini isə 7
istiqamət, 18 ixtisas üzrə 104 magistr
bitirir.
ADPU-da beynəlxalq əlaqələrin genişlənməsindən
söz açan rektor Yusif Məmmədov çıxışını
yekunlaşdıraraq bir daha məzunları xoş,
əlamətdar gün münasibətilə təbrik etdi.
Tədbirdə iştirak edən təhsil nazirinin müavini
Elmar Qasımov, Azərbaycan Ağsaqqallar Şurasının
sədri, akademik Budaq Budaqov, Təhsil
Problemləri İnstitutunun direktoru, professor
Abdulla Mehrabov və başqaları çıxışlarında
məzunlara xoş arzularını bildirdilər.
Sonda ADPU-nu fərqlənmə diplomu ilə bitirən
məzunlara diplom təqdim edildi. Tədbir
Azərbaycan incəsənət işçilərinin konsert
proqramı ilə başa çatdı.
Şakir CƏFƏROV |