Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə İsrail şirkətləri və ali təhsil müəssisələri ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

 

Rektor bildirib ki, Azərbaycanla İsrail arasında dostluq münasibətləri mövcuddur və təhsil sahəsində əlaqələrin inkişafı xüsusi diqqət mərkəzindədir.

 

BANM-də texniki ixtisaslarla yanaşı, texnoloji ixtisasların da tədris olunduğunu deyən təhsil ocağının rəhbəri  bu ixtisaslar üzrə yeni proqramların reallaşdırılmasının və xarici təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

 

E.Qasımov bu baxımdan, İsrail universitetləri ilə təcrübə mübadiləsinin aparılması və birgə innovativ tədqiqat mərkəzlərinin yaradılmasında maraqlı olduqlarını bildirib.

 

Səfir Corc Dik isə öz növbəsində qeyd edib ki, Azərbaycan İsrail üçün vacib tərəfdaşdır.

 

Ali Məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirən səfir İsraillə təhsil sahəsində əlaqələrin inkişafından danışaraq bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb.

 

O, İsrail şirkət və ali təhsil müəssisələri ilə Bakı Ali Neft Məktəbi arasında əlaqələrin qurulmasına dəstək göstərəcəyini də bildirib.

 

Daha sonra qonaqlar  təhsil ocağının kampusu və burada yaradılan şəraitlə tanış olublar.