Peşə təmayüllü siniflərə qəbul nə vaxt başlayır? Peşə təmayüllü siniflər necə təşkil edilir? Peşə təmayüllü sinifdə oxumaq üçün nə etmək lazımdır?


Suallar çox, maraq böyükdür. Yeni tədris ilindən IX sinfi bitirən uşağının hansı sinifdə, nə öyrənəcəyini düşünməyə başlayan valideynlər ya artıq bu sualları verib, cavabını da tapıb, ya da ki, hələ düşünür.

 

Yay fəsli təhsillə bağlı, dolayısı ilə karyera, gələcəklə bağlı qərarlar vermək, planları yenidən gözdən keçirmək, böyük bir ilin qiymətləndirmə meyarlarına baxıb növbəti ilin yol xəritəsini müəyyənləşdirmək üçün ən yaxşı vaxtdır.
 

“Azərbaycan müəllimi”ndə qərarlarınıza təsir edəcək çox maraqlı bir məsələ – peşə təmayüllü siniflərin təşkili ilə bağlı verdiyi müsahibədə “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin rəhbəri Elşən Ədalətli bir çox vacib məqamlara aydınlıq gətirib.
 


Peşə təmayüllü sinfə keçid
 

Redaksiyamızın sosial şəbəkə hesablarında belə suallara rast gəlirik: “Peşə təmayüllü siniflərə qəbul nə vaxt başlayır?” Peşə təmayüllü siniflərin təşkili qəbul prosesinə əsaslanır?
 

- Məktəblərdə sinif dəyişikliyi necədirsə, peşə təmayüllü siniflərə keçid də məhz bu qayda ilə həyata keçirilir. Əksər məktəblərdə artıq siyahı formalaşdırılıb, siniflər təşkil edilib. Lakin, elə elə məktəblər var ki, hazırda Peşə təmayüllü siniflərə qəbul davam edir.
 

Peşə təmayüllü siniflər məktəblərdəki adi siniflərdən fərqlənmir, sadəcə onlar əlavə olaraq 2 peşə də öyrənirlər.
 

Peşə təmayüllü sinifdə oxumaq üçün şagirdlər nə etməlidirlər?
 

- Məktəbdə peşə təmayüllü sinif təşkil edilibsə, şagird ərizə ilə məktəb rəhbərliyinə müraciət edir. Bir çox məktəblərdə siniflər artıq formalaşdığından, müraciət üçün artıq gec sayıla bilər. Məktəbdə peşə təmayüllü sinif təşkil edilməyibsə, belə siniflərin formalaşdığı ən yaxın məktəblərin rəhbərliyinə də müraciət etmək olar.
 

Peşə təmayüllü siniflərin təşkilinə 2019-cu ildən başlanılıb. Bu illər ərzində nə dəyişib?
 

- Peşə təmayüllü siniflər 5 il əvvəl cəmi 20 məktəbdə təşkil olunmuşdu. Daha sonra 35, 45 məktəblə davam edən layihə ötən tədris ilində 116 məktəbdə həyata keçirilib. Başa vurduğumuz 2023-2024-cü tədris ilində isə ən çox peşə təmayüllü sinif açıldığı, yəni indiyədək ən çox şagird qəbul etdiyimiz tədris ili olub. Yeni tədris ilindən əlavə olaraq 55 məktəbdə təmayül siniflərin təşkili həyata keçirilir. Əslində tələbat daha böyükdür. 70-ə yaxın məktəbdən peşə təmayüllü sinfin təşkil edilməsi üçün müraciət olunub. Seçim müəyyən meyarlar əsasında həyata keçirilir. Həmçinin, ölkə prezidentinin qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, 2026-cı ilə qədər ümumi təhsil müəssisələrinin 15 faizində təmayüllü siniflər təşkil edilə bilər.
 

Digər tərəfdən sualınıza cavab olaraq bildirmək istəyirəm ki, layihə fəaliyyətə başlayandan ümumi orta təhsil bazasında təhsilini 9-cu sinifdən bitirib məktəbi tərk edən şagirdlərin məktəbdə qalaraq təhsilini davam etdirmə sayında ciddi artım müşahidə edilir. Şagirdlərin 9-cu sinifdən məktəbi tərk edib, heç bir bilik və bacarığı olmadan əmək bazarına daxil olmaqlarının əksinə peşə təmayüllü siniflərdə 2 peşə ixtisası üzrə təhsil alaraq, iki dövlət nümunəli sertifikatla əmək bazarına daxil olmaqları layihənin başlıca məqsədlərindən biridir.
 

Peşə təmayüllü siniflərdə ixtisaslar...
 

İxtisasların da sayı artıb?
 

- Profillərin də sayı artıb, ixtisasların, hətta modulların da. Layihə kənd təsərrüfatı, xidmət və təmir-tikinti ilə başlamışdısa, sonrakı illərdə profillərin siyahısına İKT də əlavə olunub. Peşə təmayüllü siniflərdə indiyədək 4 profil üzrə 12 peşə ixtisası tədris olunub. Yeni tədris ilindən əlavə olaraq 4 peşə ixtisasının pilot olaraq tədrisi həyata keçiriləcək.  


Xidmət profili üzrə dərzi, aşpaz, qənnadçı və bərbər, təmir-tikinti profili üzrə çilingər, kombi-kondisioner ustası, mebel quraşdırma və dülgər ixtisaslarının tədrisi uğurla həyata keçirilir. Aqronom profili üzrə aqronom köməkçisi yetişdirilir ki, burada da modullar fərqlənir. Belə ki, tərəvəz əkini, tingçilik, bağçılıq, çiyələk və s. modullar üzrə aqronom köməkçisi qruplarımız, İKT profili üzrə Helpdesk, kompüter operatoru və qrafik dizayner peşə ixtisaslarımız var. Pilot olaraq növbəti tədris ilindən foto-videoqraf, telefon təmiri ustası, bərbər-vizajist-manikürçü, Restoran servisi və barista peşə ixtisasları da açılacaq.
 

Bir sözlə, sadəcə daha çox məktəbdə siniflərin sayını artıraraq işimizi bitmiş hesab edə bilməzdik. Hər il belə siniflərdə işin təşkili təkmilləşdirilib.
 

- “Təkmilləşdirmək” deyərkən nəyi nəzərdə tutursunuz? Necə bir təkmilləşdirmədən söhbət gedir?
 

- Keyfiyyətdə təkmilləşdirmə üçün işi dərinləşdirmək, ixtisasları daha yaxşı analiz etmək, regionların potensialını araşdırmaq, əmək bazarını dəyərləndirmək lazımdır. Bu istiqamətdə faydalı işlər gördük.
 

- Aradırmalar nə göstərir, hansı ixtisaslar üzrə daha çox tələbat var? Ən arzuolunanlar hansılardır?
 

- Ən çox xidmət laboratoriyasına ehtiyac yaranır. Aşpaz, qənnadçı, dərzi, son illər İKT istiqamətinə maraq çoxalıb. Təmir-tikinti də ən çox arzuolunanlardandır. Aqronom spesifik sahə olduğundan bu ixtisası hər məktəbə təklif etmirik. Kənd təsərrüfatı ilə bağlı ixtisasların tədrisini bu sahədə inkişaf müşahidə olunan regionlarda həyata keçiririk. Ümumiyyətlə, aqronom, aşpaz, qənnadçı, dərzi, bərbər, İKT Help Desk, İKT Kompüter operatoru, İKT Qrafik dizayner, mebel quraşdırma, dülgər, kombi-kondisioner, çilingər, restoran servisi və barista, manikür-pedikür/vizajist, foto və videoqraf, telefon təmiri ustası üzrə vakansiyalarımız çoxdur. Amma bu ixtisaslara ehtiyac regiona görə dəyişir. Məsələn, İKT üzrə regionlarda mütəxəssis tapmaq biraz çətindir. Olur ki, proqramımızı tədris edəcək kadrları tapa bilmir, tapdığımız mütəxəssislərə məcburən bir neçə məktəbdə iş təklif etməli oluruq. Məsələn, zahirən elə görünə bilər ki, aşpaz ixtisası üzrə problem yoxdur. Amma şadlıq sarayında çalışan bir aşpazla ilk əməkdaşlıq cəhdində məlum olur ki, standart 3 yeməyi yaxşı bişirir. Bizim proqramda isə Asiya mətbəxi, Avropa mətbəxi, məzələr və s. var. Başqa bir problem. Dərzi, mebel ustası tapmaqda ciddi problem yaşamırıq, amma onların da çoxunun təhsil sənədi yoxdur. Çünki rayonda ən yaxşı mebel ustası özü elə usta yanında yetişib. Mütəxəssis gənc, öz üzərində işləyən biri olanda proqramın tələbinə uyğun olaraq əlavə resurslardan istifadə edir, özünü inkişaf etdirir. Bu səbəbdən gənc, innovativ mütəxəssislər axtarırıq ki, onları tapmaq heç də asan olmur, amma öhdəsindən gəlməyə çalışırıq. Kadrların əlavə təlimə ehtiyacı olarsa, onlara master-klasslar keçir, bunun üçün peşə təhsili müəssisələrindən, kulinariya mərkəzlərindən, özəl sektordan mütəxəssislər dəvət edirik. İxtisas müəllimlərini Bakıya dəvət edib layihə çərçivəsində onları təlimləndiririk. Təlimlərdə həm də bir-birindən öyrənir, müəllimlərdən aldıqları metodiki vəsaitlərlə özlərini uğurla inkişaf etdirirlər.
 

Ciddi ehtiyac hiss edilməyən ixtisaslar da var?
 

- Dediyim kimi, vəziyyət bölgəyə, iş imkanlarına görə dəyişir. Bir ixtisasa bir regionda ehtiyac var, başqa bir regionda yox. Məsələn, mebel üzrə mütəxəssislə bağlı Lənkəranda hər hansı çətinliyimiz yoxdur. Çünki burada işçidən təhsil sənədi tələb edən tanınmış şirkətlər var. Amma aqronom tapa bilmirik. Müəllim-aqronomlarımız SSRİ dövründə yetişmiş, o vaxtın briqadirləridir, yaxud fermer təsərüfatı qurmağa büdcəsi yoxdur, yaşıllaşdırma idarələrində işləyirlər. Onların da çatışmayan cəhəti köhnə metodika ilə öyrətmələridir. Halbuki bu sahədə sürətli becərmə, qida təhlükəsizliyi ilə bağlı və s. yeni ideyalar var.
 

İxtisaslar necə bölünüb? Əmək bazarında ən çox tələb görən ixtisaslar seçilir, yoxsa ərazinin, regionun ehtiyacı?
 

- Nəinki bazarın tələbləri, bir ixtisas üzrə həmin bölgədə olan kadr potensialı da nəzərə alınır. Bəzən elə yerdə elə ixtisas istəyirlər ki, orada şagirdlərin həvəsi olsa da, resurs yoxdur. Sadəcə regionun potensialını nəzərə alıb ixtisas açmağımız da doğru olmaz. Məsələn, İKT ixtisası istəyən bir məktəbə baxırıq, müəssisənin yerləşdiyi ərazidə iş imkanları olmasa belə, müraciətə müsbət cavab verə bilərik. Düşünürük ki, ixtisasa həvəsi olan şagird özünü inkişaf etdirib başqa şəhərlərə, hətta Bakıya gəlib işləyə bilər. Yəni, İKT elə istiqamətdir ki, sadəcə bir zona ilə məhdudlaşmayıb. Əsas məqsədimiz odur ki, şagird özünə, ailəsinə, öz icmasına, məktəbinə faydalı olsun.
 

Məktəb seçimi
 

- Məktəblər necə seçilir? Hansı məktəblərdə peşə təmayüllü sinif yaradılır?
 

- Kriteriyalarımızın əks olunduğu formanı bütün məktəblərə göndəririk. Otağın ölçülərindən tutmuş su-kanalizasiya sistemi, internet təminatı, sürəti barədə məlumatlar əks olunmuş forma məktəblərdən bizə daxil olur. Emal prosesindən sonra kriteriyalarımıza uyğun məktəbləri müəyyənləşdiririk. Məktəblərin arzuladıqları ixtisaslara şərtlərinin imkan verib-vermədiyini araşdırırıq. Kriteriyalarımıza uyğun məktəblərə arzuladıqları ixtisas üzrə hazırlığı təşkil edirik, əks halda uyğun ixtisası təklif edirik. Təklif etdiyimiz ixtisasların, sadəcə məktəb üçün yox, bütövlükdə bölgə üçün əhəmiyyətini nəzərə alırıq. Məktəbdə, adətən 2 emalatxana yaradırıq. Məsələn, aşpaz və İKT ixtisası üzrə emelatxana yaratmışıqsa, ancaq bu emalatxanalara uyğun ixtisaslar təklif edə bilərlər. Növbəti il məktəb başqa bir ixtisas tələb edərsə, biz onların mövcud resursunu qiymətləndirib istəklərinə cavab veririk. Şagirdlərin arzusu da bu qərarvermədə ciddi rol oynayır. Tələbat varsa, əlavə profil üzrə tədris olunan ixtisaslar üzrə də siniflər aça bilirik.
 

- Ümumiyyətlə, təmayüllü siniflərə tələbat hansı zonalarda daha böyükdür?
 

- Lənkəranda, Şəkidə, Şirvan-Salyan, Mərkəzi Aranda, Gəncə-Daşkəsən Regional təhsil idarəsində təmayüllü siniflərin sayı nisbətən çoxdur. Adətən regional təhsil idarələri üzrə bölgünün ədalətli paylanmasına çalışdığımızdan ərazilərin hamısında təşkil edilən peşə təmayüllü siniflərin sayı biri-birinə yaxın rəqəmlərdir.
 

- Artımla bərabər hissedilən problemlər varmı, varsa nədən ibarətdir?
 

- İxtisaslar və məktəblər artdıqca iş də çətinləşir. Əsas problemlər kadr təminatı ilə bağlı ortaya çıxır. Məsələn, bizə usta müəllimlər lazım olur, onu da bölgələrdə tapmaq çətindir. Çünki peşə təmayüllü sinifdə dərs demək üçün təhsil sənədi lazımdır, bölgələrdə isə təhsil sənədi olan mütəxəssis, usta tapmaq çox çətindir. Düzdür, dəvət etdiyimiz mütəxəssislərin pedaqoji hazırlığını özümüz təşkil edirik, metodik tövsiyələr verir, təlimlərdən keçiririk, ancaq kadrların özünün də müəyyən təhsil sənədi olmalıdır. Azı peşə təhsili olmalıdır ki, məktəbdə dərs demək potensialı olsun.
 

Müəllim seçimi
 

- Yeri gəlmişkən, peşə təmayüllü siniflərdə dərs deyən usta-müəllimlərin işə qəbulu həyata keçirilir. Müraciət üçün ayrılan müddət bitib. Necə düşünürsünüz, vakansiyalar tutulacaqmı?
 

- 2024-2025-ci tədris ili üçün “Peşə təmayüllü siniflər"də paytaxt və bölgələrdə yaşayan mütəxəssis tələbatını ödəməkdə bəzən çətinlik çəkirik. Belə ki, layihədə ixtisas müəllimi kimi çalışmaq üçün minimum tələblər var. Misal üçün, müraciət edən namizəd peşə təhsili, orta ixtisas və ya ali təhsilli olması, peşəsi üzrə minimum 2 il iş təcrübəsi olması, pedaqoji bacarıqlarının olması labüddür.
 

Mütəxəssisləri necə seçirsiz?
 

- Müraciət edən namizədlər müvafiq peşə ixtisaslarına uyğun suallardan ibarət test imtahanında iştirak edəcəklər. İmtahanlarda ən yüksək nəticə toplayan namizədlər əməkdaşlığa cəlb ediləcək. İşə qəbul edilənlər 2024-cü il sentyabr ayından fəaliyyətə başlayacaqlar.
 

- Şagird tələbatının da bu qərarvermədə ciddi rol oynadığını dediniz… Bu, niyə önəmlidir və necə müəyyənləşdirilir?
 

- Başladığımız gündən hədəfimiz bu olub ki, layihə heç vaxt formal xarakter daşımayacaq. Ehtiyac olmayan yerdə peşə təmayüllü sinif açmırıq. Peşə təmayüllü siniflərə əsasən akademik göstəriciləri aşağı olan şagirdlər gəlir. Onları dərslərlə yükləməkdənsə, praktik bacarıqlar aşılayırıq. Həftənin 2 günü onlara ixtisas dərsləri və əsas səriştələr aşılayır, 3 gün digər ümumtəhsil fənləri keçilir. Bir sözlə əlavə olaraq, dünyagörüşü, karyera imkanları ilə bağlı dərslərə qatılırlar. Həmin dərslərə həvəslə qatılan şagirdlərin olduğu siniflərdə böyük nailiyyət əldə edirik. İndiyədək aşpazlıq, İKT, mebel quraşdırma üzrə çox uğurlu məzunlarımız olub. Məsələn, mebel quraşdırma üzrə təmayül sinfin məzunlarından biri hazırda hərbi xidmətdədir və hərbi hissənin emalatxanasında çalışır. Hələ məktəbli ikən iş təklifi alanlar belə olub. Belə ki, peşə təmayüllü sinfin şagirdləri təcrübə  səfərlərinə gedirlər. Kafe-restoranlara, mebel sexlərinə gedib proseslə tanış olurlar. Bacarıqlı və həvəsli şagirdlər dərsdən sonra işlərə cəlb edilir, ilk iş imkanı elə bu zaman yaranır. Təcrübə səfərlərində hər hansı müəssisədə fərqlənən şagirdlərimizə iş təklifləri olur ki, bu da məktəbi bitirən kimi işləyə biləcəkləri bir iş yeri deməkdir.  
 

LAYİHƏ İÇİNDƏ LAYİHƏ: “Ürəklərə, həyatlara toxunan belə layihələrimiz çox olub və növbəti tədris ilində də davam edəcək”

 

- Hər layihədə hesabatlılıq olur. Amma mənə maraqlıdır ki, məktəblərə nəzarət varmı, hesabatlarda əksini tapanlar reallığı əks etdirirmi?
 

- Hesabatlılıq var. Alnmış ərzaq və ya xammala görə qəbzlər təqdim edilir. Ümumiyyətlə, layihəni dəyərlər üzərində qurmuşuq. İşimizə sıradan bir iş yeri kimi yanaşmırıq. Qrup rəhbərləri, ixtisas müəllimləri seçildikdən sonra qarşılıqlı etimad yaratmağa çalışırıq ki, faydalılıq olsun. Qrup rəhbərlərinə mentorlar, yəni ilk gündən bizimlə çalışan təcrübəli əməkdaşlar nəzarət edir. Siniflərin fəaliyyət göstərdiyi yerləri mütəmadi araşdırır, emalatxanalara, avadanlıqlara, nəzarət edirlər.
 

Layihə necə maliyyələşir? Kənardan maliyyə dəstəyi vermək arzusunda olanlar çıxırmı?
 

- Özəl sektorla əməkdaşlıq təcrübəmiz olsa da, hazırda bunu davam etdirmirik. Əməkdaşlıq etdiyimiz hotellər vardı. Onlardan belə bir təklif də gəlmişdi ki, məktəblərimizdə öz modelini qurub özlərinə əməkdaş yetişdirsinlər.
 

Layihənin başqa hər hansı gəlir yeri yoxdur?
 

- Hazırda, sadəcə Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırılır. Ancaq maraqlı satış-sərgi yarmarkaları təşkil edilir. Fəaliyyət planına uyğun olaraq ildə bir neçə dəfə keçirilən belə yarmarkalardan gəlir əldə etmək olar. Hətta 300-400 manat gəlir əldə edən məktəblərimiz var ki, onlar üçün bu, çox böyük məbləğdir. Nəzərə alsaq ki, həmin məhsullar gündəlik tələbat malı deyil.
 

- Məktəb bu vəsaiti necə xərcləyir, layihəyə?
 

- Onlar bizə hesabat verir, biz onlara necə xərclənməsi üçün təkliflər veririk. Məsələn, həmin vəsaitlə sosial layihə həyata keçirmələrini təklif edirik, ahıllar, yaxud uşaq evlərinə səfər edib onlara nəsə alırlar, ağac əkirlər və s.
 

- Yəni, layihə içində layihələr də edirsiz...

- Bəli, layihə içində layihələrimiz çox olur. Əksəriyyəti sosial istiqamətli olan belə layihələrdə məktəblər, məktəblilər çox maraqlıdırlar. Layihələrin təşkil edilməsində məqsəd şagirdlər arasında ictimai məsuliyyət yaratmaq, onları peşə siniflərində öyrəndikləri bacarıqları sosial istiqamətdə tətbiqinə də təşviq etməkdir.


Misal üçün, belə layihələrdən birində uşaq evlərinə getmişik, mebel ustalarımız onların dolablarını təmir ediblər, dərzilər pərdələrini tikiblər, aqronom köməkçilərimiz həyətyanı sahəsində gül-çiçək əkiblər. Başqa birində ahıllar evinə gedən bərbərlərimiz onların saçını kəsib, səliqəyə salıblar, aşpaz qruplarımız onlar üçün yemək bişiriblər.


2023-2024-cü tədris ilində isə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində əsasən sosial-ekoloji istiqamətdə onlarla layihələr həyata keçirilib. Ürəklərə, həyatlara toxunan belə layihələrimiz çox olub və növbəti tədris ilində də davam edəcək.
 

Peşə təmayüllü sinifdən sonra hara?
 

- Peşə təmayüllü sinifdən məzun olmaq sonrakı təhsil səviyyələrində, ya da əmək bazarında hər hansı üstünlük qazandırırmı?

- Biz peşəkar yetişdirmirik. Hər hansı peşə üzrə ilkin bilik və bacarıqlar veririk ki, onların sonra ixtisasla bağlı motivasiyası olsun. Məsələn, şagird X sinifdə aqronomluq üzrə oxuyubsa, ilin sonunda imtahan verir və növbəti tədris ilindən eyni profilin başqa ixtisası, hətta modulunu seçir, məktəbi 2 sertifikatla başa vuraraq əmək bazarına daxil olur. Qeyd edim ki, bizim təqdim etdiyimiz sertifikatlar dövlət nümunəli sertifikatlardır. Proqramlarımızı əhatə edən bilikləri özündə əks etdirir. Üstünlüyə gəlincə, məktəbdə qazandıqları bu bacarıqlar hər zaman işlərinə yarayar. Hətta hərbi xidmətdə oğlanlar üçün bütün istiqamətlərdə iş var. Orda da faydalı olacaq, seçiləcəklər. Qızlar ailəsinin ağırlığının bir qismini öz üzərinə götürür, öyrəndikləri peşələr ailədəki yüklərinin öhdəsindən gəlməkdə kömək edəcək.
 

Regionlarda müasir Peşə Təhsil mərkəzləri yaradılıb. Cəlilabadda, Bərdədə və s. Belə mərkəzlərlə əməkdaşlığınız varmı, varsa, hansı formadadır?
 

- Əlbəttə. Elə adını çəkdiyiniz Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinə şagirdlərin təcrübə səfərləri təşkil edilir. Bu əməkdaşlığımız yaxşı effekt verir. Məsələn, Aqronom köməkçisi ixtisasında çiyələk əkini modulu daha çox inkişaf edib. Bu baxımdan mərkəzdə şagirdlərimiz üçün çiyələk əkini təcrübəsi maraqlı olur. O cümlədən, Lənkəranda da yeni müasir peşə təhsil mərkəzi istifadəyə veriləcəyi gözlənilir. Lənkəran bizim ən çox peşə təmayüllü siniflərin olduğu şəhərlərimizdəndir. Əməkdaşlığın faydalı nəticələrindən biri də odur ki, şagirdlərimiz peşə təmayüllü sinifləri bitirib həmin mərkəzlərdə təhsillərini davam etdirmək istəyəcəklər.
 

Peşə təmayüllü sinfi bitirənlər aldıqları sertifikata layiqdirlər?
 

- Təmayüllü siniflərdə öyrəndiyi peşə ilə bağlı nəzəri imtahan da var, praktiki də. Serifikatı, əsasən praktiki imtahan əsasında veririk. Şagird bacarmırsa, sertifikat ala bilmir. Sınaq işində ya tək, ya da bir yoldaşı ilə tapşırığı həll edirlər. Məsələn, bir qutu hazırlayırlar. Amma qutunun hissələrini ayrı-ayrı gətirir, onu imtahan komissiyası qarşısında birləşdirir, onu necə düzəltdiklərini izah edirlər. Yekun məhsulu komissiya üzvləri qiymətləndirir. Komisssiya peşə təmayüllü siniflərin yerləşdiyi məktəbin rəhbərliyindən, özəl sektordan, peşə təhsili müəssisəsindən, ixtisas müəllimlərindən formalaşır. Məsələn  Ceyranbatan 1 saylı tam orta məktəbində buraxılış ixtisas imtahanı vaxtı komissiya üzvlərindən biri özəl sektordan dərzi sexinin rəhbəri idi. Uşaqların işindən o qədər xoşu gəldi ki, 2 şagirdimizi işə götürdü. Bu cür əlaqələr həm layihəmizin təbliğində, həm də şagirdlərimizin iş tapmağında faydalı olur. Onlar üçün yeni bir şans olur.

 

Ruhiyyə DAŞSALAHLI