23 ildir ki, avqustun ilk gününü Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edirik. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.
 
Ümumilli Liderimiz həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
 
"Azərbaycan müəllimi" olaraq bu əlamətdar gündə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli ilə dilçilik tariximizin dünəninə, bu gününə və gələcəyinə nəzər saldıq...
 
 
- Nadir müəllim, əvvəlcə Dilçilik institutunun fəaliyyət istiqaməti barədə danışaq...
 
- Bəzən düşünürlər ki, dilin bütün problemlərini Dilçilik İnstitutu həll edir. Ancaq belə deyil. Dilçilik İnstitutu Elmi Tədqiqat İnstitutudur. Ölkəmizdə çoxsaylı ali məktəblər var və bunların da hər birinin dilçiliklə bağlı müxtəlif kafedraları var. Lakin bu yeganə institutdur ki, burada dilçiliyin bütün problemləri həll olunur. Məsələn, dərslikdə hansısa bir səhv gedir, düşünürlər ki, bu məsələyə də biz cavabdehlik daşıyırıq. Bu, bizə aid olan məsələ deyil. Bizdə qaynar xətt var, burada çalışan mütəxəssislərimiz, elmlər doktorları, professorlar, canlı korifeylər dillə bağlı həmin xəttə daxil olan və digər problemlərin həlli ilə məşğuldurlar.
 
Yəni, bu dil təkcə bizim deyil, həm də cəmiyyətindir. Dil varislikdir, dövlətçilikdir. Hər dilin dövləti yoxdur. Cəmi beş-altı respublikanın konstitusiyasında göstərilir ki, türk dili dövlət dilidir. Müstəqil dövlətin atributlarından biri dili olmasıdır. 
 
- Dilimiz həm də qüdrətlidir, çoxsaylı sınaqlardan üzüağ çıxıb...
 
- Azərbaycan heç vaxt indiki qədər müstəqil olmayıb. Bizim müstəqillik tariximiz bəllidir. İlk dəfə XVI əsrdə Şah İsmayıl Xətainin dövründə  müstəqil olmuşuq. İkinci dəfə 1918-ci ildə cəmi 23 ay müstəqil yaşamışıq. Uzun müddət müxtəlif imperiyaların bayrağı altında olmuşuq və buna uyğun olaraq dilimiz də dəyişib. Ancaq maraqlı tərəfi odur ki, ərəb də, fars da gəlib burada assimilyasiya olub. Bu faktlar toponimlərdə də özünü göstərir. Bizim bir çox rayonlarımızda ərəb sözü ilə başlayan kənd adları var. Onların bizim içərimizdə əriməsi dilimizin qüdrətini göstərir. 
 
Bundan əlavə, hər həftə, hər ay bir dil ölür. Latın dili kimi bir dil belə ölüb. Ölü dillərin sayını xeyli artıra bilərik. Ancaq Azərbaycan dili bütün bu proseslərdən üzüağ çıxıb. Bu da dilin gücündən asılıdır, məhz bu güc milləti bir arada saxlayıb.
 
 
- Dilimiz özünü qoruyub, bəs biz onu nə dərəcədə qoruya bilirik?
 
- Dildə olan əcnəbi sözlərin çoxsaylı istifadəsi sovet dövründə olsaydı, adama bir o qədər təsir etməzdi. Çünki sovet dövründə dilimizdə rus kəlmələri çox olub. Zaman tələb edirdi ki, ziyalı uşaqları, tanınmışların övladları rus dilində təhsil alsınlar. Ancaq Azərbaycan dilinin normaları, üslubları məhz XX əsrdə formalaşıb. Proses o qədər genişlənib ki, üslublardan bir-birinə keçid başlayıb. Bu da tədricən dilin zərər görməsinə gətirib çıxarıb. 
 
- Dilə ən çox zərər vuran kimlərdir?
 
- Dilə ən çox ziyan vuran bəzi jurnalistlər və publisistik üslubda yazılan bir sıra yazılardır. Kimin ağlına hansı təzə söz gəlir, mənasını bilsə də, bilməsə də bu ifadələri qəzetə, manşetə verir. Təəssüf ki, bəzən elə ictimai təşkilatlar qeydiyyatdan keçir ki, onlar ömürlərində ana dili ilə məşğul olmayıb. Onlara müəyyən səlahiyyətlər verildikdən sonra dilimizə gələn yeni sözlər barədə kəskin mövqedən çıxış edirlər. Ancaq inteqrasiya prosesində dilə yeni sözlərin daxil olmaması mümkün deyil. Bu normal və zəruri bir haldır. 
 
- Hansı halda dilə yeni sözlərin gəlməsi dilimiz üçün zərərlidir?
 
- Yeni sözlərin dildə nomenklativ ifadəsi yoxdursa, onun dilə gətirilməsi mütləqdir. Ancaq hansısa sözün qarşılığı varsa, bunu başqa formada lüğətə daxil etmək dilə ziyan vurur. Məsələn, bizim dilimizdə qapıçı ifadəsi var, ancaq bunu son vaxtlar “qolkiper” adlandırırlar. Bundan əlavə, dilimizdə vətəndaşlıq qazanmış vertolyot sözünü indi “helikopter”lə əvəz edirlər. Bunlara ehtiyac yoxdur. Bəzən dünyada qəbul edilmiş beynəlmiləl ifadələri də dəyişdirməyə çalışırıq. Kompüter sözünü “bilgisayar”la əvəz edirlər. Mən hesab edirəm ki, beynəlxalq terminlərin istifadəsinə davam etmək lazımdır. 
 
- Yeni sözləri hansı mənbələrdən əldə etmək məqsədəuyğundur?
 
- Türkoloq Bəkir Çobanzadə 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayda çıxış edəndə demişdi ki, dünyanın bütün sivil dilləri bir-birindən söz götürür, öyrənir. Həsən bəy Zərdabinin qəzetində saysız-hesabsız yeni ifadələr var. Yəni, əvvəlcə, kənar dildən söz almağa tələsmək lazım deyil. Dilin dialektlərinə, arxaizmlərinə müraciət etmək olar. Tapa bilməsək, bu dəfə başqa türk xalqlarının dil bazasından faydalanmaq olar. Bu format da uğurlu olmasa, o halda beynəlmiləl sözlərə müraciət etmək olar. 
 
- Alınma sözlərlə əcnəbi sözlərin fərqi nədir?
 
- Bəzən əcnəbi sözlərlə alınma sözü səhv salırıq. Alınma söz dilə ehtiyacdan gəlir. Bunlar bizə lazım olan sözdür. Məsələn, alınma sözlərə kömpüteri, əcnəbi sözlərə isə “helikopter”i misal gətirmək olar. Elə sözlər var ki, onlar artıq dilə qaynayıb-qarışıb, onları dildən çıxarmaq olmaz. Məsələn, məktəb sözü və ərəb mənşəli bir sıra ad bildirən isimlər bu siyahıya daxildir. O sözlər müəyyən zaman sonra vətəndaşlıq qazanıb. 
 
- Arxaik sözlərin lüğətinin hazırlanması ilə bağlı hansısa yenilikləriniz var?
 
Hazırda üç cilddən ibarət türk mənşəli arxaik sözlər lüğəti buraxırıq. Bu, tariximizdə ilk dəfə şəxsi təşəbbüsüm əsasında baş tutur. Bundan əlavə, iki cilddə Qədim Azərbaycan sözləri lüğəti buraxacağıq.
 
Bu sözlər xalqın zəngin təfəkküründən irəli gəlir. Əgər dilimiz 1000 illər boyu yaşayırsa, deməli, sıradan bir dil deyil, bunu qorumaq lazımdır.
 
- Dili qorumaq üçün nə etməliyik? 
 
- Birinci növbədə, əcnəbi dildən, kənardan gələn sözlərə ehtiyatla yanaşmaq lazımdır. Şifahi nitqimizi zənginləşdirməliyik, çox oxumalıyıq, canlı danışmalıyıq. Dil haqqında düşünmək lazımdır. 2021-ci ildə yeni orfoqrafiya lüğətimiz çıxanda əksəriyyət bu lüğəti tənqid etməyə başladı. Ancaq tənqidin əvəzinə lüğətə düşməyən beş dənə sözü yazmaq olardı. Məsələn, deyirlər, bu söz lüğətə düşməyib, biz də baxırıq ki, düz deyir, gözdən yayınıb. Bu hadisə mənim institituta direktorluq etdiyim dövrə təsadüf etmir. Sadəcə deyirəm ki, tənqid etmək çox asandır. Daha yaxşı olar ki, tənqid əvəzinə təklif etsinlər, institutun qapıları hər kəsin üzünə açıqdır. 
 
- Yeni orfoqrafiya lüğəti nə zaman hazır olacaq? 
 
- Hazırda orfoqrafiya lüğətinin yeni variantını hazırlayırıq. Nazirlər Kabinetinin qərarı ilə beş ildən bir lüğət çıxmalıdır. Bütün dünyada belədir. Dilə mütəmadi olaraq sözlər gəlir və çıxır. Bu, adi bir məsələ deyil. Bunlar hamısı lüğətdə öz əksini tapmalıdır. Əslində, biz bəzi ölkələrin lüğəti ilə müqayisədə çox geri qalırıq. Onlarda tez-tez lüğətə yeni sözlər, sözlərin sinonimləri daxil olur. Ancaq biz deyəndə ki, dilə yeni söz daxil olub, bununla bağlı hay-küy qalxır. Buna kor-koranə yox, nəzəri cəhətdən yanaşmaq lazımdır. 


- Yeni lüğətdə hansı yeniliklər var?

- Hazırda müasir informasiya cəmiyyətində yaşayırıq və daha geniş imkanlarımız var. İlin sonuna kimi möhtəşəm bir lüğət buraxılacaq. Orada bir çox yeniliklərin və dəyişikliklərin tətbiqi nəzərdə tutulub. Normalarda çox dəyişiklik edilməyəcək, bu cür hallar bizə baş ucalığı gətirmir. Çünki lüğət elə belə yaranmır, onun yaranması fonetik prinsiplər əsasında baş tutur. Sözlərin yazılışını tez-tez dəyişmək fonetik prinsiplərə də ziddir.
 
- Orfoepiya lüğəti də yenilənirmi? Orfoepiya normaları ən çox hansı hallarda pozulur?
 
- Bəli, bu yaxınlarda yenilənmiş formada orfoepiya lüğəti də çıxacaq.

Dilin orfoepik qaydalarına televiziyalar çox az əməl edir. Tutaq ki, aparıcı jurnalistikanı bitirməyib hansısa bir ixtisas sahibidir. Vaxtilə ona universitetdə də dili öyrətməyiblər, indi efirdə istənilən formada danışır. Ümumiyyətlə, bu incə bir məqamdır, hər bir sözün səsləniş qaydalarının öz normaları var. 
 
 
- Dili bu cür qoruyub, təbliğ etməyin yolu nədir ?
 
- Məlumdur ki, televiziyada və üzdə olan insanların yanaşması ictimai fikrə təsir edir. Ona görə də, əvvəla, həmin şəxsləri maarifləndirmək lazımdır. Çünki uşaqlar balaca yaşlarından televizorda nələrisə izləyir, eşitdikləri ifadələr, tələffüz formaları yaddaşlarına o cür həkk olunur. Ona görə də ifadələri düzgün seçməli, cümlələri doğru formada qurmalıyıq. 
 
Azərbaycan dili aqqlütinativ dil sistemidir. Dilimizdə bir qanun var ki, mübtədadan sonra ikinci dərəcəli üzvlər və xəbər gəlir. İndi isə dil tamamilə dəyişməkdədir. Düzdür, müasir yazıçılıqda istedadlı adamlar çoxdur. Ancaq yeni nəsil yazarlar dili əksər hallarda korlayırlar. Cümlədə üzvlərin yerini dəyişməklə xarici dillərin quruluşuna oxşadırlar. Bu, yolverilməz haldır. Dili bu cür məhv etmək olmaz. 
 
- İfadələrin istifadə edilməsindən danışdıq, ancaq bir vaxtlar dilimizdə apastrof kimi işarələr də var idi. Bu gün o işarələrin istifadəyə verilməsinə ehtiyac var? 
 
- Apastrofu zamanında dildən çıxarmaqla düzgün qərar qəbul ediblər, ancaq elə sözlər var ki, onların mənasının düzgün ifadə edilməsi zamanı apastrofa ehtiyac yaranır. Ədəbiyyatla məşğul olan mütəxəssislər bilirlər ki, bu gün apastrofa nə qədər ehtiyac var. Apastrof sözün mənasını dəyişir. Məsələ burasındadır ki, bizim əlifbamızda apostrof hər hansı bir hərfi təmsil etmir, ərəbcədə isə sait səslərin ifadəsində istifadə edilir. 
 
Misal üçün, “bəzən” sözü vurğusuna görə iki məna verir. Lakin apastrof olmadığı üçün biz bunu yazıda göstərə bilmirik, ancaq şifahi nitqdə vurğu ilə fərqləndirmək mümkündür. Bu asan söz olduğuna demək olar ki, hər kəs rahat şəkildə işlədir. Ancaq ədəbiyyatda belə olmur. Məsələn...
 
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
 
Məhəmməd Füzulinin “Məni candan usandırdı” qəzəlinin ilk beytinin ikinci misrasında “şəmi” sözündə “i” hərfindən əvvəl apostrof olmalıdır. Sözün mənasını tam izah etmək üçün o cür  tələffüzü mütləqdir. Ancaq bunu hər kəs bilirmi? İfaçılar arasında tələffüzün doğru versiyasını yanlız Şövkət Ələkbərovada eşitmişəm. Bu mənada apastrofun mövcudluğu klassik ədəbiyyat nümunələri üçün vacibdir. 
 
- Dilimizdəki bəzi əcnəbi sözlər artıq vətəndaşlıq qazanıb. Ancaq son illərdə onların ana dildə qarşılığı təqdim edildi. Bunlar nələrə əsasən təyin edilir?
 
- Bizdə terminologiya şöbəsi var, orada institutun terminogiya jurnalı çıxır. Bu jurnalın hər nömrəsinin sonunda həmin sözlərin siyahısı verilir. Qaynar xəttimizə bu sözlərlə bağlı müxtəlif təkliflər daxil olur. Biz də baxırıq, əgər uğurlu sözdürsə, müzakirəyə çıxarırıq. 
 
- Son məlumatlar göstərir ki, indi gənclərin əksəriyyəti esse yazmaqda çətinlik çəkirlər. Bunu nə ilə əlaqələndirirsiniz?
 
- Hamıdan istedad tələb etmək olmaz. Esse tamam başqa bir janrdır. Hamı ədəbiyyatçı, dilçi ola bilməz. 
 
Bu bir az da dərsliklərdə Azərbaycan dilinin qrammatikasına çox az yer verilməsi ilə bağlıdır. Tapşırıqlar əsasən praktik işlər üzərində qurulub. Debatlar üstünlük təşkil edir. Ancaq dilin qaydasını bilmədən nə danışmaq olar? Bu, orta məktəbdə öyrənilməlidir. Sonra dildə problem olanda dilçilərin üzərinə düşürlər. Dilçi hər kəsin əlindən tutub onlara mətn yazdıra bilməz. 
 
- Yəni, hamının düzgün cümlə qurmaq qabiliyyəti olmaya bilər? 
 
- Əlbəttə, olmaya bilər. Qurani Kərimdə yazılıb ki, hər kəsdən bacardığından artıq tələb etmək düzgün deyil. Dəli Kür filmində də bu məsələ ilə bağlı bir səhnə var. Deyir, nə üçün mütləq baqqal oğlu baqqal olmalıdır?! Bəlkə onun daha yaxşı istedadı var. İmkan vermək lazımdır ki, onu üzə çıxarsın. 
 
- Korrektura ilə bağlı vəsaitlər qaneedicidirmi və bu gün qəzet və jurnalların, bədii kitabların korrektə işlərini necə qiymətləndirirsiniz?
 
- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ədəbi redaktə adlı dərs keçirilir. Ancaq respublikada redaktə, korrektura institutu yoxdur. Adamlar özləri bu sahədə püxtələşir, yetişir. Məsələn, sovet dövründə elə bir qəzet yox idi ki, onun korrektoru olmasın. İndi də bu ənənəni qoruyub saxlayan qəzetlər var. Ancaq bəziləri nə gəldi yazırlar. 
 
Dil komissiyasının nəzdində Monitorinq Mərkəzi var. Onlar bu istiqamətdə peşəkar fəaliyyət göstərirlər. Dil komissiyası saytlarda, qəzetlərdə, televiziyada gedən səhvləri araşdırır və onları kitab şəklində buraxır. Bizim institutun da monitorinq şöbəsi var. Ancaq kontingentimiz o qədər geniş deyil. 
 
- Bu yanlışlar kitab şəklində buraxılmaqla kifayətlənir?
 
- Bəli, çünki başqa bir mexanizm yoxdur. Hər hansı cəza mexanizmi də yoxdur. Əgər o cəza mexanizmi olsa, əlbəttə, yaxşı olar. 
 
- Küçədə yerləşdirilən reklam lövhələri də bu monitorinqə daxil olur?
 
- Bəli, təəssüf ki, onlarda da çoxsaylı yanlışlar var. Türkmənistanda küçədə özbaşına bir dənə olsun reklam vura bilməzsən. Gərək dilçilik institutuna müraciət edilsin, ancaq onların razılığından sonra mümkün ola bilər. Bizdə isə belə deyil.
 
Reklam lövhələrində hətta xarici dildən də istifadə olunur...
 
Dünya təcrübəsinə baxsaq, Gürcüstanda, Yaponiyada xarici dilə aid heç bir reklam lövhəsi görə bilmərik. Hamısı öz dillərində yazılır. Bizdə bu halların artmasının səbəbi əslində, proseslərin asanlaşmasına görədir. Əvvəllər müəssisə açmaq çətin idi. İndi çox asandır, müraciət edirsən, üç saatdan sonra müəssisə açılır. Adını nə qoyduğun heç kimi maraqlandırmır. Biz forma ilə oynayırıq, ancaq işin məzmununa diqqət etmək lazımdır. 
 
- Azərbaycan dilinin mövcud vəziyyəti, cəmiyyətin ona diqqəti sizi qane edir?
 
- Cəmiyyətin dilə münasibəti, mövqeyi məni çox sevindirir. Bu gün cəmiyyətin əksər hissəsi dilçiləşib. Hər kəs dildən danışır, hətta bir-birinə irad da tuturlar ki, sən bu sözü düz demədin. Bu çox yaxşı haldır. Ancaq gərək dili nəzəri cəhətdən də bilsinlər.
 
- Azərbaycan gənclərinin bugünkü inkişafını necə qiymətləndirirsiniz?
 
- Azərbaycan xalqı qədər istedadlı ikinci bir xalq tanımıram. Bu gün Azərbaycan gəncləri hətta NASA-da işləyir. Xaricdə müxtəlif sahələrdə fəaliyyət göstərən istedadlı gənclər var, düşünürəm ki, onların ölkəmizə gətirilməsi üçün şərait yaradılmalıdır. Ölkəmizdə də indi müasir tələbələr yetişir ki, kompüteri gözəl bilir, sosial şəbəkələrdə çox yaxşı işləyir, xarici dil bilir, dünya ölkələrinə səyahət edir və inkişafa meyillidir. Həmin gəncləri önə çəkmək lazımdır. 
 
- Çox dil bilmək üstünlükdür. Ancaq digər dillərin aksentini ana dilinə keçirməmək üçün nə etmək lazımdır?
 
- Dilin qızıl qaydaları var, əvvəla, onlara əməl etmək lazımdır. Bundan başqa insan mütləq şəkildə öz danışıq tərzinə, dilin düzgünlüyünə nəzarət etməlidir. 
 
- Ana dilinin daha da inkişaf etdirilməsi üçün ali məktəblərə nələri tövsiyə edərdiniz?
 
- Dünyada çox orijinal bir sahə var. Bu da kompüter dilçiliyidir. Mən hesab edirəm ki, universitetlər kompüter dilçiliyi mərkəzinin yaradılmasında maraqlı olmalıdır. Bizim institutda belə bir şöbə var. Mən instituta gələndə işçilərin indiyə qədər işlədiyi tədqiqat mövzuları barədə soruşmuş, araşdırmışam. Onları bacarıqları istiqamətində yönləndirmişəm, indi hər biri həvəslə çalışırlar. İnstitut hesabına onların kitabları çap olunur. Mən həm də Dissertasiya Şurasının sədriyəm. Bütün elmi işlər burada müdafiə edilir. O işləri müdafiə edib evdə saxlayandan sonra kimə lazımdır? Çalışırıq ki, tədqiqata marağı olanların kitabı çap olunaraq ictimaiyyətə təqdim edilsin.
 
- İnstituta rəhbərliyiniz dövründə tədqiqat sahəsində ən yaddaqalan iş nə olub?
 
- Əsas hadisə türk dünyasının qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin “Divanü lüğati-it-türk” kitabının institut arxivinindən tapılması və 3 cilddə çap edilməsi oldu. Uzun illərdir, bu istiqamətdə axtarış aparılsa da, əlyazma tapılmırdı. Lakin bu kitabın axtarışına çıxan bütün ziyalıların fikri yekdil idi, hamı əlyazmanın Dilçilik İnstitutunda olduğunu təxmin edirdi. "Divan"ın axtarışına başlayanda məlum oldu ki, Dilçilik İnstitutunun kitabxanasına məxsus xeyli kitab, içində əlyazma olan qovluqlar aktlaşdırılıb arxivə göndərilmiş, müəyyən vaxtdan sonra makulaturaya veriləcək və ya yandırılacaqmış. Xalid Səid dünyasını dəyişəndən sonra artıq heç kimi bu "lazımsız" bağlamalar maraqlandırmamışdı.
 
Ümid yalnız bu bağlamalara qalırdı. Sonuncu ölən ümidlərdir! Bəli, "Divan"ının Dilçilik İnstitutunda olması ehtimalları düz çıxdı 2021-ci ildə Dilçilik İnstitutuna direktor təyin edildiyim ilk vaxtdan akademik İsa Həbibbəylinin təşəbbüsü ilə kitabın axtarışı uğurla nəticələndi. Düz 86 ildən sonra kəm taleli kitabın bəxti açıldı. "Şəhid bir alimin sahibsiz qalmış elmi mirası"nın tapılma tarixi məhz o gündən başlandı - 19 yanvar 2022-ci il. 
 
"Divan", sadəcə olaraq, köhnə latın qrafikalı əlifbada solğun sarı vərəqlərdə makinada yazıldığı və qarışıq şəkildə müxtəlif üslublarda, fərqli qələmlərlə redaktə olunduğu üçün ciddi bir əsər hesab olunmamış, kitabxana kartotekasına salınmamış, qaydalardan kənar olaraq, formulyar belə qoyulmamış, elə ona görə də heç kimin diqqətini çəkməmişdi. 2016-cı ildə yandırılacaq və makulaturaya veriləcək son günlərini gözləyən bu bağlamalar instituta qaytarılmışdı.
 
Həmin bağlamalar atılmaqda idi, şəxsən özüm bağlamalar içərisindən o kitabı tapdım. Hazırda bütün dünya bununla maraqlanır. Bu yaxınlarda Qırğızıstana dəvət eləmişdilər, orada çıxış etdim. Sentyabrın 26-da Türkiyədə, dekabrın 17-də isə Xarici İşlər Nazirliyinin xətti ilə Fransada bu kitab barədə çıxış edəcəyəm. 
 
Dilçilik İnstitutuna ana dilimizin qorunması, inkişafı istiqamətində atılan addımlarında uğurlar arzu edirik. Şübhə yoxdur ki, dilimiz hər zaman belə qüdrətli qalacaq...
 
Günel ABBAS