Bakı Dövlət Universiteti (BDU) ilə Rumıniyanın “Alexandru İoan Cuza” Universiteti tərəfindən ERASMUS+KA107 tələbə-müəllim mübadiləsi layihəsi imzalanıb.

 

Layihə çərçivəsində BDU-nun fizika, kimya, biologiya fakültələrinin tələbələri 1 semestr müddətinə təhsillərini davam etdirmək, müəllimlər isə staj keçmək imkanları əldə edəcəklər. Bundan əlavə, rumıniyalı tələbə və müəllimlərin BDU-da dərslərini davam etdirməsi, həmçinin  mühazirə oxuması mümkün olacaq. Sözügedən əməkdaşlıq nəticəsində tələbə və müəllimlər həm beynəlxalq təcrübəyə yiyələnəcək, həm də müvafiq sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Adıçəkilən layihə üzrə əməkdaşlıq, eyni zamanda tələbə və əməkdaşların dünyagörüşünün formalaşmasına, bu istiqamətdə irəliyə doğru addımların atılmasına da öz töhfəsini verəcək.
Məlumat üçün bildirək ki,  “Alexandru İoan Cuza” Universiteti Rumıniyanın Yassı şəhərində yerləşir. 1860-cı ilin oktyabr ayında təsis olunub və ölkənin ən qədim universitetidir. 24000-dən artıq tələbəsi olan universitet dünyanın 504 ali məktəbi ilə əməkdaşlıq edir.