AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi Şurasının iclası keçirilib.

 

İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunan tədbirdə AMEA-nın vitse-prezidenti,  FRTEB-in sədri, akademik Rasim Əliquliyev  gündəlikdə yer alan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra bir sıra elmi-təşkilati məsələlərə baxılıb. AMEA Rəyasət Heyətinin “AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2019-cu il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” qərarından irəli gələn vəzifələrlə bağlı məlumat verən R.Əliquliyev bölmə və onun elmi müəssisələrinin 2020-ci il üçün fəaliyyət planının hazırlanıb bir ay müddətində AMEA Rəyasət Heyətinə təqdim olunmasının vacibliyini vurğulayıb.

 

FRTEB-in sədri, həmçinin Rəyasət Heyətinin adıçəkilən qərarından irəli gələn bir sıra mühüm elmi və elmi-təşkilati məsələlərdən də söz açıb. Alimin sözlərinə görə, bölmənin elmi müəssisələrində əldə olunan innovativ potensiallı elmi nəticə və nailiyyətlərin tətbiqinə xüsusi diqqət yetirilməsi, intellektual məhsulların kommersiyalaşdırılması  və digər qurumlarla münasibətlərin müəllif hüquqları, intellektual mülkiyyət hüquqları və digər normativ-hüquqi sənədlərin tələbləri çərçivəsində həyata keçirilməsi, beynəlxalq və respublika səviyyəli qrantlarla (Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Dövlət Neft Şirkətinin “Elm” Fondu və s.) fəaliyyətin gücləndirilməsi, eləcə də beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, nüfuzlu elmi mərkəzlərlə birgə tədqiqatların aparılması və meqalayihələrdə fəal iştirakın təşkili cari ildə qarşıda duran əsas prioritet məsələlərdəndir.

 

İclasda digər elmi-təşkilati məsələlərə də baxılıb. AMEA-nın 75 illik yubileyilə əlaqədar təkliflər müzakirə olunub, akademik Fəraməz Maqsudovun 90,  akademik Adil Qəribovun 70 illik yubileylərinin keçirilməsi barədə müvafiq qərarlar qəbul edilib.

 

İclasda bir sıra kadr məsələləri də müzakirə olunub.